...

Sabiq səhiyyə naziri apellyasiya şikayətinə baxan hakim tərkibinə etiraz edib (video)

Cəmiyyət Materials 30 Avqust 2007 14:44 (UTC +04:00)
Sabiq səhiyyə naziri apellyasiya şikayətinə baxan hakim tərkibinə etiraz edib (video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanov apellyasiya şikayətinə baxan hakim tərkibinə etiraz edib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədov İnsanov və digərlərinin şikayəti üzrə keçirilən prosesdə işə əvvəlki hakim tərkibinin baxmasını istəyib.

Sabiq nazirin vəkili Ağaveyis Şahverdi vəsatət verərək bildirib ki, qanuna görə, işə baxan tərkibdə olan hakimlər Salman Hüseynov, Həmid Həmidov özlərinə etiraz verdikləri halda, hakim tərkibi dəyişdirilə bilər: "Onlar özlərinə etiraz vermədikləri üçün işə baxmağa səlahiyyətlidirlər. Həmçinin qanunun tələbinə görə, hakimlər icraatlarındakı işlərə baxıb qurtaranadək səlahiyyətlidirlər".

Vəsatəti müdafiə edən İnsanov barəsində aparılan bütün məhkəmə proseslərində hüquqlarının kobud şəkildə pozulduğunu, ona qarşı qərəzli mövqe tutulduğunu əsas gətirərək, Azərbaycan məhkəmələrinin ədalətinə inanmadığını bəyan edib.

Hakim Məmmədov, Abid Abdinbəyov və Sahibxan Mirzəyevin obyektivliyinə inanmayan sabiq nazir obyektiv, ədalətli araşdırma tələb edib: "Mən 5 aydı bu məhkəməni gözləyirəm. Mən haqlarımı dilənməyə məhkum deyiləm. Ağır xəstəlikdən əziyyət çəkməyimə baxmayaraq, məhkəmə prosesi qəsdən uzadılır".

Hakim Məmmədov İnsanova işin mahiyyətindən kənara çıxmamağı, prosesi siyasi müstəviyə gətirməməyi tövsiyə edib.

Hakimlə İnsanov arasında yaranmış mübahisə zamanı sədr prosesin gecikməsini işə baxan zalda bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin sabiq baş müvəkkili Hacı Məmmədovun prosesinin keçirilməsi ilə izah edib.

İnsanov ağır şəraitdə saxlanıldığını, istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının pozulduğunu və aidiyyatı qurumların buna göz yumduğunu bildirib: "Azərbaycan məhkəmələri siyasiləşib. Sizlər insanların haqlarını tapdalayırsız. Məhkumlar bunlardan bezib intihar edirlər, damarlarını kəsirlər. Mənim içəridə gördüklərimdən camaatın xəbəri yoxdur. Azərbaycan məhkəmələrində rüşvətxorluq, korrupsiya dərin kök salıb. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir".

İnsanov məhkəmə proseslərində bəzi məmurlar barədə söylədiyi ifşaedici faktların indiyədək heç bir hüquq-mühafizə orqanları tərəfindən araşdırılmadığından da narazılığını bildirib.

İnsanovun çıxışına etiraz edən dövlət ittihmçısı Məhərrəm Mustafayev məhkəmədən sabiq nazirə xəbərdarlıq edilməsini və belə çıxışlar təkrarlanacağı halda prosesin onun iştirakı olmadan keçirilməsini istəyib. Prokuror verilən vəsatətin rədd olunmasını xahiş edib.

Vəsatətə baxılması üçün məhkəmə müşavirəyə gedib. Məhkəmə tərkibinə etirazla bağlı vəsatət Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin sədrliyi ilə müzakirə edilib və qəbul edilməyib.

Prosesdə saaat 15-dək fasilə elan olunub.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib

Xəbər lenti

Xəbər lenti