...

Polis rəisinin ölümündə təqsirləndirilən Gəncə şəhər sakininin valideynləri etiraz edirlər

Cəmiyyət Materials 6 Sentyabr 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Gəncə şəhər Polis İdarəsi yol polis şöbəsinin rəisinin ölümündə təqsirləndirilən şəhər sakininin valideynləri apellyasiya şikayətinə Gəncə şəhər Apellyasiya Məhkəməsində baxılmasına etiraz edirlər. Bu bəyanatla təqsirləndirilən Zabit Kazımovun valideynləri cümə axşamı keçirdikləri mətbuat konfransında çıxış ediblər.

Valideynlər Zabit Kazımov barəsində Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin çıxardığı hökmün ləğv ediləcəyindən və oğullarına ağır cəza veriləcəyindən qorxur.

Valideynlər mərhum polis rəisi İkram Xəlilovun yaxınlarının onları şantaj etdiklərini, hədə-qorxu gəldiklərini bildiriblər.

Kazımov istintaqda Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunurdu.

Məhkəmə istintaqı dövründə keçirilmiş məhkəmə tibb ekspertizası mərhumun Kazımovun yumruq zərbəsi ilə öldüyü barədə istintaqın gəldiyi nəticəni təsdiqləməyib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə isə onun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi il tövsif edərək Kazımovu 3 il müddətində azadlıqdan məhrum edib.

Digər təqsirləndirilən Məmmədov isə , 2 il şərti azadlıqdan məhrum edilərək ,məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilənin valideynlərinin sözlərinə görə, ötən ilin sonunda Xəlilovla Kazımov arasında yaranmış mübahisə zamanı polis rəisi Kazımovu təhqir edib. Kazımov polis rəisini yumruqla vurub.Sərxoş olduğu üçün müvazinətini saxlaya bilməyən polis rəisi yerə yıxılıb və aldığı zərbədən dünyasını dəyişib.

Sentyabrın 13-də Gəncə Apellyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə Kazımov barəsindəki hökmdən verilmiş apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə proses başlayacaq. Baş prokurorluq və mərhumun qohumları Kazımov barəsində cəzanın ağırlaşdırılmasını və onun əməlinin qəsdən adamöldürmə kimi tövsif olunmasını istəyirlər.

Xəbər lenti

Xəbər lenti