...

Sumqayıtda məktəblərarası futbol turniri başa çatıb (FOTO)

İdman Materials 19 Mart 2012 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

ARDNŞ-nin "Azərikimya" İB-nin təşkilatçılığı ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və "Sumqayıt" Peşəkar Futbol Klubunun birgə layihəsi üzrə başa çatmış məktəblərarası futbol turnirinin qaliblərinə mükafatların təqdim edilmə mərasimi keçirilib.

İB-dən Trend-ə verilən məlumata görə, M.Hüseynzadə adına şəhər stadionunda və Sumqayıt Dövlət Universitetinin futbol meydançasında üç yaş qrupu üzrə - 9-10, 11-12 və 13-14 yaşlı məktəblilər arasında keçirilən turnirdə Sumqayıt şəhərinin ümumtəhsil məktəblərinin 62 komandası qələbə uğrunda mübarizə aparıb. Yanvar ayının sonlarından başlayan və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda aşağı yaş qrupu üzrə 11 və 7 saylı, orta yaş qrupu üzrə 3 və 2 saylı, yuxarı yaş qrupu üzrə isə 5 və 36 saylı məktəblərin komandaları daha yaxşı oyun nümayiş etdirərək, müvafiq olaraq I və II yerlərə layiq görülüblər.

Qaliblərin mükafatlandırılması mərasimində "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, "Sumqayıt" futbol komandasının prezidenti Kamran Quliyev, turnirin baş hakimi, SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Telman Salahov, Şimal Regional Futbol Federasiyasının sədri Yaşar Şamilov çıxış edərək, "İdman ili" çərçivəsində həyata keçirilən birgə layihələrdən və bu layihələrin idmanın kütləviliyinin genişlənməsində, Sumqayıt gənclərinin həyatında rolundan danışıblar. Qeyd olunub ki, "İdman ili" çərçivəsində təşkil olunmuş bu çempionat şahmat turniri və stolüstü tennis yarışlarından sonra üçüncü böyük layihədir ki, reallaşdırılır və bu cür yarışlar bütün il ərzində davam etdiriləcək.

Qalib komandalar təşkilatçılar tərəfindən fəxri fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunub və xatirə kuboklarına layiq görülüblər. Mükafatların təqdim edilmə mərasimində "Sumqayıt" futbol komandasının alman əsilli baş məşqçisi Bernard Raab və Sumqayıtın uşaq futbolunun baş məşqçisi, gələcək futbolçuları yarışlara hazırlamış Ağamusa Bağırov da iştirak ediblər.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, yarışların yeganə qız iştirakçısı, 7 saylı Corat qəsəbə məktəbinin 5-ci sinif şagirdi, futbola böyük həvəs göstərən Firuzə Şıxıyeva dörd oyunda yaşıd rəqiblərinin qapısından iki top keçirərək, öz komandasına uğur qazandırıb. Təsadüfi deyil ki, onun mükafatlandırılması iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti