...

Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanıb (MÜSAHİBƏ)(FOTO)

İdman Materials 24 Aprel 2012 16:41 (UTC +04:00)
Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxerin Trend-ə müsahibəsi
Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanıb (MÜSAHİBƏ)(FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Velosiped yarışları üzrə beynəlxalq mütəxəssis, Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxerin Trend-ə müsahibəsi

- Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq veloturnirə idmançılarımızın hazırlığı hansı mərhələdədir?

- Hazırda turnirə hazırlıq mərhələsində ilkin olaraq Azərbaycan milli komandasının üzvlərini Rusiya və Ukraynada ilkin təlim-məşq toplanışına göndərmişik. Orada olan ümumi şəraitdən istifadə edərək may ayında keçiriləcək Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turnirinə hazırlaşırlar. Bundan əlavə, peşəkar velosipedçimiz Tural İsgəndərov Almaniyanın peşəkar komandası ilə birlikdə məşq edir.

- Turnir neçə mərhələdən ibarət olacaq və idmançılar hansı marşrut üzrə hərəkət edəcəklər?

- Mayın 9-da başlayacaq turnir 5 mərhələdən ibarət olacaq. 1-ci mərhələ Bakıda keçiriləcək. Bu mərhələdə əsasən fərdi yarışlar baş tutacaq, yəni hər bir velisopedçi finişə daha tez çatmaq uğrunda şəhər daxilində, qadınlar 26 km, kişilər isə 30 km məsafədə hərəkət edəcək. Birinci mərhələdə qadınlar fərdi şəkildə, kişilər isə komanda şəklində yarışacaq. 2-ci turda isə Bakıdan başlayaraq İsmayıllıya doğru 176 km məsafədə komanda yarışı keçiriləcək. Bundan sonra isə Qəbələ, Oğuz, Şəki və yenidən Qəbələ turu olacaq və sonuncu 4-cü tur isə İsmayıllıdan Qəbələyə kimi olan məsafədə keçiriləcək. 4-cü turda yarış birbaşa istiqamətdə deyil, çevrə şəklində keçiriləcək və mayın 13-ü Bakıda tamamlanacaq. Mükafatlandırma mərasimi paytaxtda baş tutacaq. Yarışda 17 ölkədən 20 komanda iştirak edəcək.

- Velosiped idmanı növünün Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Təbii ki, idmanın bu növünün böyük əhəmiyyəti var, çünki bu idman dünyada məhşurdur. Azərbaycanda keçiriləcək bu veloturnir ölkənin beynəlxalq şəviyyədə tanınması üçün, həmçinin ölkənin görməli, turistlər üçün maraqlı olan yerlərinin tanınması üçün böyük əhəmiyyətə malikdir. Çünki bu turnir hər hansı bir qapalı zalda deyil, uzun bir məsafədə bir çox insanların gözü qarşısında keçirilir. Bu turnirdən asılı olaraq gələcəkdə Azərbaycanda daha əhəmiyyətli beynəlxalq turnirlərin keçirilməsi mümkündür. Digər tərəfdən də belə bir idman növünün Azərbaycanda inkişaf etdirilməsi ətraf mühitin mühafizəsinə və insan sağlamlığının qorunmasına da öz töhfəsini verəcək.

- Velosiped idmanının Azərbaycandakı vəziyyətini və inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

- Azərbaycanda Sovet dövründə velosiped idmanı ilə bağlı federasiya olub və fəaliyyət göstərib. Lakin son 20 il ərzində federasiyanın fəaliyyəti zəif olub. Biz bunu yenidən canlandırmağa və bunun üçün infrastruktur qurmağa çalışırıq. Azərbaycanda əsasən də gənclər üçün belə bir idman növü ilə bağlı şərait yox idi. Azərbaycanda velosiped məktəbləri və klubları, onlar üçün lazım olan infrastruktur çox zəif idi. Lakin biz bu turnir çərçivəsində həmin sahələri daha da inkişaf etdirməyə, yaxşılaşdırmağa çalışırıq ki, insanlarda bu idman növünə maraq oyansın. Hazırda Azərbaycan velosipedçilərindən ciddi nəticələr gözləmək hələ tezdir. Çünki həmin idmançılar bu günə qədər belə bir mötəbər yarışda iştirak etməyiblər və eyni zamanda onlar üçün münbit şərait olmayıb. Burada müəyyən faktorlar var. Onlardan biri budur ki, bu cür idman növlərində, təbii ki, 1-2 ilə deyil, uzun illərə söykənən təcrübə lazımdır. Davamlı olaraq turnirlərdə iştirak etmək və müxtəlif səviyyəli rəqiblərlə yarışmaq lazımdır ki, yüksək səviyyədə nəticə əldə etmək mümkün olsun. Bu turnirdə yarışacaq idmançılar çoxdandır artıq öz ölkələrində peşəkar şəraitdə məşq edirlər. Azərbaycan idmançıları isə cəmi bir neçə aydır ki, məşqlərə başlayıblar. Bu baxımdan, mayda keçiriləcək turnirdə Azərbaycan idmançılarından ciddi nəticələr gözləmək düz olmazdı. Bir az səbr etmək lazımdır. Lakin Azərbaycanda bu idman növünə maraq göstərən gənc nəsil var və təbii ki, onlar üçün şərait yaratmaq lazımdır. Bunun üçün Azərbaycanda görəcəyimiz ilk iş regionlarda mövcud olan velisoped məktəblərinin yenidən qurulması, onların şəraitinin yaxşılaşdırılması və velosiped məktəbi olmayan regionlarda yeni məktəblərin açılmasıdır. Burada məqsəd yeni potensialları, istedadlı gəncləri tapıb ortaya çıxarmaq və onları peşəkar idman karyerasına cəlb etməkdir. Biz bunun üçün xüsusi proqram hazırlamışıq.
Bu yaxınlarda Azərbaycan idmançıları Rusiyanın Anapa şəhərində keçirilən çempionatda iştirak ediblər. Bizim artıq ilk uğurlarımız ondan ibarətdir ki, Azərbaycan idmançılarından 2-si Rusiyanın ən yaxşı idmançıları ilə eyni səviyyədə yarışma qabiliyyəti nümayiş etdiriblər.
Hazırda potensiallı gənclərin axtarışındayıq. Əminəm ki, biz onları düzgün hazırlaşdırsaq və onlara düzgün istiqamət versək, Azərbaycan idmançıları bu idman növündə də yüksək nailiyyətlər əldə edə bilərlər. Bu cür tədbirlərdə idmançılar il ərzində ən azı 50 gün iştirak etməlidir. Təbii ki, bu nəzərdə tutulub və gələcəkdə də müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycan idmançıları xarici ölkələrdə məşqlər keçəcəklər. Azərbaycanın özündə velosiped məktəbləri inkişaf etdikdən, bu idman növü üçün münbit şərait yarandıqdan sonra idmançılar buradan da hazırlaşa biləcəklər.

- Azərbaycanda yollar velosiped yarışları üçün nə dərəcədə əlverişlidir?

- Yollar çox gözəldir, genişdir və infrastruktur kifayət qədər bərpa olunub. Azərbaycan dövləti də bu idman növünün inkişaf etdirilməsinə yüksək səviyyədə dəstək verir. Həmçinin bu turnirin təşkil olunmasında bir çox dövlət qurumları yaxından və həvəslə iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti