...

AFFA-nın əməkdaşı Avropanın ən yaxşı futbolçusunu seçəcək

İdman Materials 30 Avqust 2012 13:34 (UTC +04:00)
Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gələcək. Rəsmən "UEFA Best Player in Europe" adlanan mükafata 3 namizəd var.
AFFA-nın əməkdaşı Avropanın ən yaxşı futbolçusunu seçəcək

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gələcək. Rəsmən "UEFA Best Player in Europe" adlanan mükafata 3 namizəd var. Bunlar ötən il "Avropanın ən yaxşısı" seçilən argentinalı Lionel Messi, həmçinin onun "Barselona"dakı oyundaşı ispan Andres İnyesta və "Real"ın portuqaliyalı lideri Kriştianu Ronaldodur.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, 2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə keçirdiyi sorğunun ikinci mərhələsində müəyyənləşəcək. Tədbirdə Azərbaycanı AFFA-nın təsisçisi olduğu "Futbol dünyası" qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edəcək.

Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edir. İyunun 20-də start götürən və iyulun 4-ə kimi davam edən ilkin mərhələdə respondentlər ən yaxşı saydıqları 5 futbolçunu seçiblər və anketlərdə 1-ci göstərilən 5 xal, 2-ci göstərilən 4 xal, 3-cü göstərilən 3 xal, 4-cü göstərilən 2 xal və 5-ci göstərilən 1 xal qazanıb. Sorğuya qatılanlar Avropa klublarında oynayan istənilən qitənin nümayəndəsinə səs verə bilərlər.

Səsvermənin həlledici mərhələsi bu gün Monakodakı "Grimaldi Forum" sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçiriləcək (Bakı vaxtilə saat 20:30-da başlayacaq).

Avqustun 31-də isə sorğu iştirakçıları Monakodakı "Stade Louis II" arenasında Avropa Superkuboku uğrunda "Çelsi" - "Atletiko Madrid" qarşılaşmasını izləyəcəklər.

Xəbər lenti

Xəbər lenti