...

Cüdo üzrə Dünya çempionatının mükafatçıları ilə görüş keçirilib (FOTO)

İdman Materials 13 Sentyabr 2013 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov 26 avqust - 1 sentyabr tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Dünya çempionatında yüksək nailiyyətlər əldə etmiş cüdoçularımızla və onların məşqçiləri ilə görüşüb.

Federasiyadan Trend-ə verilən məlumata görə, görüşdə nazir F.Ələkbərov Azərbaycan idmanının inkişafı naminə Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin uğurlu nəticələrindən söz açaraq bildirib ki, dövlət başçısının idmana göstərdiyi davamlı diqqət və qayğıya cavab olaraq Azərbaycan idmançıları, o cümlədən milli cüdo məktəbinin yetirmələri Avropa və dünya səviyyəli turnirlərdə ölkəmizə qələbələr qazandırırlar.

Qeyd olunub ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatı millimizin möhtəşəm uğuru ilə yadda qalıb: cüdoçumuz Elxan Məmmədov -100 kq çəki dərəcəsində hamıdan güclü olduğunu sübut edib və dünya çempionu olaraq millimizə qızıl medal qazandırıb. Bununla da Azərbaycan böyüklər arasında cüdo üzrə Dünya çempionatında ilk qızıl medala sahib olub. Digər cüdoçumuz Orxan Səfərov isə çempionatın ilk günü 60 kq çəkidə yarışaraq, dünya üçüncüsü kimi çempionatı başa vurub.

Məlumat üçün bildirək ki, dünya çempionatında 123 ölkədən 680 cüdoçu güclərini sınayıb. Azərbaycanın cüdo üzrə milli yığması möhtəşəm qələbələri ilə dünya çempionatında kişilərdən ibarət komanda hesabında 3-cü, ümumilikdə isə 6-cı pillədə qərarlaşıb.

Görüşdə cüdoçuların qeyd edilən dünya çempionatındakı çıxışları, habelə növbəti turnirlərə hazırlıq vəziyyəti müzakirə olunub. Həmçinin cüdo idman növünün kütləviliyinin artırılması, xüsusən bölgələrdə yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti