...

Mariana Vasileva: Bakıda Dünya Kubokunun açılışında Azərbaycanın gözəlliyi nümayiş etdiriləcək

İdman Materials 21 İyul 2016 13:50 (UTC +04:00)
Biz Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalının açılış mərasimində tamaşaçılara və idmançılara Azərbaycanın gözəlliyini nümayiş etdirmək istəyirik.
Mariana Vasileva: Bakıda Dünya Kubokunun açılışında Azərbaycanın gözəlliyi nümayiş etdiriləcək

Bakı. Maksim Tsurkov – Trend:

Biz Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalının açılış mərasimində tamaşaçılara və idmançılara Azərbaycanın gözəlliyini nümayiş etdirmək istəyirik. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi, mərasimin tərtibatçısı Mariana Vasileva bildirib.

M.Vasileva deyib: “Açılış mərasimində Azərbaycanın gözəlliyini nümayiş etdirmək istəyirik. Bir çox qonaqlarımız artıq burada olublar və Bakının gözəlliyini görüblər. Ancaq Azərbaycanda görməyə dəyər hələ çox yer var".

Onun sözlərinə görə, bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin motivləri əsasında tərtib edilib: "Kompozisiya uzun illər əvvəl Balaca şahzadənin kiçik planetində çox darıxmağa başladığı və başqa planetlərdə nə olduğuna baxmaq qərarına gəldiyi, sonra isə Azərbaycana düşdüyü barədə danışacaq.O, Azərbaycanda səyahətini Şamaxı rəsədxanasından başlayır, İsmayıllıdakı üzüm bağlarından keçir, Lənkəranda çiçəklənən sitruslarla rəqs edir, Şəkidə xalçaçılıq sənəti ilə tanış olur, İvanovka sahələrində ona sehrli od haqqında danışan gözəl çiçək tapır. Axırda Balaca şahzadə çiçəklə birlikdə əzəmətli atəşin daim yandığı Yanardağ dağında peyda olur. Od Olimpiya oyunları rəmzidir, Bakıda Dünya Kuboku isə Rio Olimpiadası ərəfəsində bədii gimnastlar üçün sonuncu startdır. Buna görə arzu etmək istəyirik ki, bu alov bütün idmançılar üçün uğurlu olsun, onlarda hər şey alınsın".

Baş məşqçi qeyd edib ki, kompozisiyada bədii gimnastika, idman gimnastikası, akrobatika, tamblinq, aerobikanı təmsil edən müxtəlif yaşlı idmançılar iştirak edəcəklər: "Kompozisiya 20 dəqiqə davam edəcək və Azərbaycan milli musiqisi ilə müşayiət olunacaq. Bu gözəl mərasimi canlı izləmək üçün tamaşaçıları iyulun 22-də Milli Gimnastika Arenasına dəvət edirəm”.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti