...

Azərbaycan yeni Olimpiya rekorduna doğru

İdman Materials 18 Avqust 2016 21:00
Artıq 13 gündür ki, dünyanın diqqəti Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarına yönəlib.
Azərbaycan yeni Olimpiya rekorduna doğru

Trend-i buradan izləyin

Bəxtiyar Hacıyev – Trend:

13 gündür ki, dünyanın diqqəti Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarına yönəlib. Bu beynəlxalq idman yarışında Azərbaycan da təmsil olunur.

Təəssüf ki, öz içimizdə ilk günlərdə Azərbaycan idmançılarının yaxşı nəticə göstərməməsinə sevinənlər də oldu. Maraqlıdır, burada sevinməli nə vardı? İdmançılarımızın uğursuzluqlarına, Azərbaycan bayrağının yüksəklərdə dalğalanmamasına, himnimizin səslənməməsinə necə sevinmək olar axı? Bir qrup uğursuz insan var ki, cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, hər kəsin uğursuzluğuna sevinir. Əslində, hər tip insanı başa düşmək olar. Lakin öz içimizdə özümüzə qənim kəsilənləri, uğurumuza qəzəblənib, uğursuzluğumuza sevinənləri anlamaq olmur. İnsanın müvəqqəti uğursuzluğu hər kəsin uğursuz olmasını arzulamağa əsas vermir.

Azərbaycan idmançılarının artıq cari Olimpiya Oyunlarında bir sıra nailiyyətlər qazandığını uğursuzluğa sevinən insanlar da görürlər.

Belə ki, Azərbaycan olimpiada tarixində ilk dəfə Rio-2016-da 6 idman növündə medal qazanıb – cüdo, kayak, kanoe, yunan-Roma güləşi, taekvondo və boks (iki boksçumuz ən azı bürünc medalı təmin edib). Bu göstərici London-2012-də 4 idman növü üzrə - ağır atletika, yunan-Roma güləşi, sərbəst güləş, boks - qeydə alınmışdı.

Artıq aktivimizdə 8 medal – 4 gümüş, 4 bürünc var. İki boksçumuzun da ən azı iki bürünc medalı təmin etdiyini nəzərə alsaq, medalların sayı 10-a çatır. Qeyd etmək lazımdır ki, sərbəst güləşçilərimizin də bir neçə medal qazanmaq şansı çoxdur. Əlavə bir medal Azərbaycanın növbəti rekorda imza atması deməkdir. Ümumiyyətlə, olimpiadalar tarixində ən yaxşı göstəricimiz 2012-ci il Yay Olimpiya Oyunlarında qeydə alınıb – 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc).

Həmçinin Azərbaycan Rio-2016-da 4 növdə - triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növləri üzrə yarışlarda debüt edir.

Heç də bütün ölkələr bütün idman növləri üzrə yüksək göstərici əldə edə bilməz və bunu gözləməyə də dəyməz. Hər bir ölkədə bir və ya bir neçə idman növü ənənəvi xarakter daşıyır. Bu mənada Azərbaycanda güləş artıq ənənəvi və populyar idman növlərindən biridir.

Onu da qeyd edək ki, bu il Azərbaycan tarixində ilk dəfə olaraq kayak, kanoe və taekvondo üzrə Olimpiya medalı qazanıb.

İstənilən idmançımız cəmi bir qızıl medal qazanarsa, hazırda qızıl medalsız ölkələr arasında ən yaxşı göstəriciyə malik Azərbaycan turnir cədvəlində təqribən 20 pillə irəliləyəcək.

Hər bir idmançı karyerasında daim qələbəyə səy göstərir. Əgər bunu edə bilirsə, lap legioner idmançı olsa belə, deməli, o, Vətənə, millətə özümüzdən olan bir para bədxahlardan daha xeyirli insandır.

Əminik ki, idmançılarımızın nailiyyətləri davamlı olacaq. Qarşıda hələ böyük ümidlə medal gözlədiyimiz bir sıra idmançılar var. İnanırıq ki, bayrağımız Rio-de-Janeyroda ən yüksək pillədə dalğalanacaq və himnimiz səslənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti