Bakı. Trend:
Ağdamın “Qarabağ” klubu tarixinin yeni rekordunu müəyyənləşdirib.
Trend-in PFL-ə istinadən məlumat verir ki, əyalət komandası evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun yetirmələri buna Premyer Liqanın XVII turunun “Zirə” ilə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatdırıb.
Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzmuşdu. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Q.Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib.
Bununla da “Qarabağ” klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-93-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.
Bundan başqa, bu oyunda Premyer Liqasda mövsümün yubiley qolu vurulub. XVII turun “Qarabağ” – “Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub. Bu qola Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.
Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.