Bakı. Cani Babayeva - Trend:
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çox yaxşı keçir.
Bunu Trend-ə “Ocaq” idman klubunun məşqçisi Aysel Allahverdiyeva deyib.
O bildirib ki, gimnastlar tam qüvvəsi ilə çıxış edir: “Onlar ən yaxşı nəticəni göstərməyə çalışır. Turnir çox yüksək səviyyədə təşkil olunub. Milli Gimnastika Arenasında gözəl zal, işıqlandırma, musiqili müşayiət mövcuddur, gimnastlar üçün lazımi şərait yaradılıb”.
Məşqçi onu da qeyd edib ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda iştirak etmək gimnastları daha da çox həvəsləndirir.
Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.
Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.
Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.