Bakı. Cani Babayeva - Trend:
Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında kişilərin fərdi proqramında finalçılar məlum olub.
Trend-in məlumatına görə, finala Anton Kolobov (Rusiya, 20.850 xal), Daniel Tavok (Rumıniya, 20.450 xal), Ruy Kansado (Portuqaliya, 20.450 xal), Migel Mane Qabarro (İspaniya, 20.350 xal), Leonard-Marian Manta (Rumıniya, 20.150 xal), Damir Manafov (Rusiya, 20.100 xal), Andrea Kolnaqo (İtaliya, 19.750 xal) və Ahmet Meric Turmamis (Türkiyə, 19.500 xal) vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.
Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edir.