Bakı. Trend:
Dekabrın 16-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı birinciliyi başlayıb.
Trend xəbər verir ki, yarış Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.
Yarışda “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, Bakı Gimnastika Məktəbi, “Qarabağ” Sport Klubu, 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təmsilçiləri paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.
Akrobatika üzrə yarışlarda balacalar (2007-2016-cı illər) qarışıq cütlük, qadın cütlüyü, qadın qrupu, uşaqlar (2006-2011-ci illər) qadın qrupu, yeniyetmələr (2004-2010-cu il) qadın qrupu, kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, gənclər (2003-2009-cu il) qadın qrupu proqramında balans, temp və qarışıq hərəkətləri icra edəcəklər.
Qadın idman gimnastları kiçiklər (2015-ci il), uşaqlar (2012-2013-cü il), gənclər (2007-2009-ci il), yeniyetmələr (2010-2011-ci il) yaş kateqoriyası üzrə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlərdə qüvvələrini sınayacaqlar.
Kişi idman gimanstları kiçiklər (2015-ci il), uşaqlar (2011-2012-ci il), balacalar (2013-2014-cü il), yeniyetmələr (2009-2010-cu il), gənclər (2005-2008-ci il) yaş qrupunda sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnikdə çıxış edəcəklər.