...

İstəyimiz əsas maliyyə sponsoru tapılmasıdır - “Kəpəz”in yeni icraçı direktoru

İdman Materials 29 İyul 2024 17:47 (UTC +04:00)
İstəyimiz əsas maliyyə sponsoru tapılmasıdır - “Kəpəz”in yeni icraçı direktoru

Bakı. Trend:

Məsuliyyəti dərk edirəm və bütün gücümü klubun inkişafı üçün ortaya qoyacağam.

Trend xəbər verir ki, bunu İdman.biz-ə “Kəpəz”in yeni icraçı direktoru Cabir İbrahimov deyib.

O bildirib ki, Gəncə təmsilçisində daha öncə də işlədiyi üçün doğma evinə qayıdıb: “Biz böyük bir ailənin üzvləriyik. Komandanın böyük azarkeş ordusu var və həmişə çıxışından asılı olmayaraq dəstək verir. Klubdan kənarda da bir azarkeş kimi “Kəpəz”in yanında olmuşam. Klubun inkişafı üçün çalışacağam. Yad yerə qayıtmamışam”.

İbrahimov klubun qarşıdakı planlarını da açıqlayıb: “İşlərimiz çoxdur. Böyük planlarımız var. Bunu rəhbərliklə də müzakirə etmişik. Təbii ki, istəyimiz “Kəpəz”ə əsas maliyyə sponsoru tapılmasıdır. Bu yöndə fəaliyyət davam edir. “Kəpəz” son iki mövsümdə sponsoru olmadan çempionatda mübarizə apardı və yerini qorudu. Hazırda da məqsəd budur. Sponsor olmadan oynamaq çox çətindir. Klubun rəhbərliyi son iki mövsümdə komandanın elitada yerini qoruması üçün məşqçilər və futbolçularla yanaşı, fədakarlıq edib. İndi də vəzifə eynidir. “Kəpəz” Premyer Liqada qalmaq üçün vuruşacaq”.

İcraçı direktor transfer siyasəti ilə bağlı bildirib ki, bununla bağlı bütün səlahiyyət baş məşqçi Adil Şükürovdadır: “Bu yöndə büdcəmizə uyğun olaraq ona dəstək veririk. Məşqçilər axtarışdadırlar. Bu gün artıq bir əcnəbi futbolçunun kluba keçidi rəsmiləşəcək”.

Qeyd edək ki, İbrahimov 2016-2017-ci illərdə də "Kəpəz"də eyni vəzifədə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti