Bakı. Trend:
Bu il Bakı yarışının qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Dünyanın ən nüfuzlu idman tədbirinə paytaxt Bakı 8 -ci dəfə ev sahibliyi edəcək. 13-15 sentyabr tarixlərində baş tutacaq yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.
Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəz jurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xarici media mənsubları Media Akkreditasiya Mərkəzinin, Media Mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin, mərkəzdə komandaların mətbuat konfransları həyata keçirilir. Jurnalistlər sorğularını Mərkəzin qəbul-sorğu masalarına yönəldə bilir. Qeyd edək ki, Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.
Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022 -ci ildə bu rəqəm 59 milyon olmuşdur. Ümumi olaraq azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı rekordu nəzərə alaraq, bu il Azərbaycan Qran Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil.