...

“Xudafərin" və "Qız qalası” hidroqovşaqlarının tikintisi davam edir (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2017 18:11 (UTC +04:00)

Bakı. Trend:

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi aparılır.

Bu barədə Trend-ə İqtisadiyyat nazirliyindən məlumat verilib.

İranda səfərdə olan İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Komissiyanın həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Araz çayı üzərində reallaşdırılan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihəsinin icrasının gedişi ilə tanış olublar.

Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İrana rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sazişdə Azərbaycan Respublikası və İran İslam Respublikasının suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Ş.Mustafayev vurğulayıb ki, işğal olunmuş ərazilərində Azərbaycanın suveren hüquqlarını tanıyan bu mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İranla son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti