...

Azərbaycan "Vahid aviasiya məkanına dair Saziş" üzrə danışıqlarda iştirak edib

İqtisadiyyat Materials 5 İyul 2017 15:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti Brüsseldə “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların növbəti mərhələsində iştirak edib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-5-də Belçikanın Brüssel şəhərində Avropa İttifaqının Nəqliyyat Departamentində “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib.

Danışıqlarda Azərbaycan tərəfdən Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olub. Səmimi və açıq şəkildə keçirilmiş görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz edib.

Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilib, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilib. Görüşün nəticəsi olaraq protokol imzalanıbr.

Danışıqların növbəti – 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb. O zamana kimi Azərbaycanın digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Avropa İttifaqı və üzv dövlətlərinə bildirilməsi və Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir.

Görüşdə çıxış edən Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib ki, "Vahid aviasiya məkanı haqqında Saziş” layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycanla Avropa İttifaqı arasında “Əməkdaşlıq və tərəfdaşlıq haqqında” yeni Sazişin imzalanması gözlənilir”.

Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək. A.Məmmədov həmçinin, Azərbaycanın mülki aviasiya sahəsində artıq müəyyən müsbət əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti