...

Bu il “Buta Airways”in parkına yeni “Embraer 190” təyyarələri əlavə olunacaq

İqtisadiyyat Materials 2 Fevral 2018 15:44 (UTC +04:00)
Azərbaycan və Hindistan arasında mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bu il “Buta Airways”in parkına yeni “Embraer 190” təyyarələri əlavə olunacaq

Bakı. Trend:

Bakıda Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun görüşü keçirilib.

Səfir görüşdə Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi və sosial sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirib.

S.Rananın sözlərinə görə, mülki aviasiyası iki ölkənin iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Diplomat həmçinin Hindistan və Azərbaycanın turizm potensialının böyük perspektivlərini qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan Hindistanın sahibkarları üçün də böyük maraq kəsb edir. Bununla əlaqədar olaraq, Hindistanın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Öz növbəsində, C.Əsgərov Azərbaycanın son illərdə mülki aviasiya sahəsində əldə etdiyi böyük uğurlardan danışaraq, 2017-ci ilin yekunlarına əsasən Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını qeyd edib. Ötən ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards”un versiyasına əsasən, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

AZAL-ın donanmasında müasir hava gəmilərinin olduğunu vurğulayan C.Əsgərov bildirib ki, bu il aviaşirkətin təyyarə parkına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

C.Əsgərovun sözlərinə görə, Azərbaycanın daha çox tələb olunan istiqamətlərə reyslər yerinə yetirən ilk loukosteri “Buta Airways” aviaşirkəti ötən ilin sentyabr ayından etibarən uçuşlara başlayıb. Bu il aviaşirkətin hava gəmiləri parkına yeni “Embraer 190” təyyarələrinin əlavə olunacağı gözlənilir.

AZAL QSC-nin Prezidenti qeyd edib ki, hazırda “Silk Way Airlines” yük aviaşirkəti 60-dan çox ölkəyə uçuşlar yerinə yetirərək, Heydər Əliyev Beynəlxalq Aeroportunu yük habına çevirib.

Görüşün yekunlarına əsasən sərnişin və yük aviadaşımaları, həmçinin logistika sahəsində münasibətlərin gələcək inkişafında tərəflərin qarşılıqlı marağı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti