...

Daşınmaz əmlakın qeydiyyatında yenilik - Çıxarışlar bir günə veriləcək

İqtisadiyyat Materials 27 Aprel 2018 09:51 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər. Bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib. Dəyişikliyə əsasən, vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq.

Qeyd edək ki, əmlak çıxarışlarının bir gün ərzində verilməsi əmlakın qeydiyyatı sahəsində ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Bir gündə verilməsinə baxmayaraq çıxarışlar vətəndaşlara onların istəyi əsasında elektron şəkildə də təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti