...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 24 Sentyabr 2018 09:57 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.18$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.18$-ın altında qaldıqca, 1.16$-a kimi də ucuzlaşa bilər.

Ucuzlaşmaya səbəb çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (ing.: “FED”) faiz qərarı üzrə artım gözləntiləridir. Bununla yanaşı, saat 22:30-da baş tutacaq “FED”-in mətbuat konfransı da investorların diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, burada gələcək gözləntilərə təsir edə biləcək açıqlamalar önəmli rol oynayacaqdır.

Cümə günü saat 13:00-da dərc ediləcək Avropanın inflyasiya ilə bağlı vacib fundamental məlumatların da birjalarda güclü dalğalanmalara səbəb olacağı gözlənilir.

GBP

GBP/USD məzənnəsi də 1.31$-ın altında qaldıqca, 1.29$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Burada İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” sazişi fonunda müzakirələr diqqət mərkəzində saxlanılmalıdır. İngiltərə höküməti üçün razılaşmanın əldə edilməməsi, mənfi nəticələrə və beləliklə, funt sterlinqdə də sürətli eniş dalğasına səbəb ola bilər. “BREXIT”in ləğv edilməsi fikirləri də son günlər səslənməyə başlayıb.

TRY

Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının (TCMB) faiz dərəcələrini gözləniləndən daha çox qaldırması, lirənin 8%-ə kimi bahalaşdırsa da, keçən həftə ərzində yenidən ucuzlaşıb. Beləliklə, qiymətlər sentyabr ayının maksimum səviyyəsi altında qaldıqca, 6.52TL-yə kimi də ucuzlaşa bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin bəyanatından sonra yenidən 80$-a kimi 2% bahalaşıb. Qiymət 80$-ın üzərində möhkəmlənərsə, 81$-a kimi də dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1208$-a (38.8 $/qram) kimi dəyər qazansa da, güclü müqavimətlə rastlaşaraq, 1197$-a (38.5 $/qram) kimi ucuzlaşıb. Burada isə təhlillər onu göstərir ki, qiymət 1196$-ı (38.5 $/qram) da aşağı istiqamətdə qıraraq altında qalarsa, 1187$-a (38.2 $/qram) kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti