Bakı. Trend:
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Trend həmin məlumatı təqdim edir:
EUR
Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.16$-a kimi ucuzlaşıb və bu səviyyəninin altında qaldıqca, 1.15$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Amerika Mərkəzi Bankının (FED) faiz artımı qərarı və ABŞ ilə Kanada arasında yeni ticarət müqaviləsinin razılaşdırılması, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edir.
Bununla yanaşı, cümə günü saat 16:30-da yayımlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də 1.30$-a kimi ucuzlaşıb və eniş dalğası keçən həftənin minimum səviyyəsinin qırılması ilə 1.29$-a kimi də davam edə bilər.
İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” sazişi fonunda müzakirələrin sərt dialoq şəraitində davam etməsi, ölkədə iqtisadi riskləri və beləliklə, funta olan təzyiqlərin də artmasına təsir edir. Bununla bağlı xəbərlər diqqət mərkəzində saxlanılmalıdır.
TRY
Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti keçən həftə ərzində 6% bahalaşdıqdan sonra yenidən dollara nisbətdə 2% ucuzlaşıb və 6.22TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 11:00-da dərc ediləcək Türkiyənin inflyasiya ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin bəyanatından sonra bahalaşmaqda davam edir və artıq 83$-ın üzərində təklif edilməkdədir. Təhlillərə əsasən, qiymət ümumilikdə 82$-ın üzərzində qaldıqca, 85$-a kimi də dəyər qazana bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1190$-ın (38.3 $/qram) altında təklif edilməkdədir və 1185$-ı (38.1 $/qram) da aşağı istiqamətdə qırarsa, 1181$ (38.0 $/qram) və 1176$-a (37.8 $/qram) kimi də ucuzlaşa bilər.
FED-in faiz artımından sonra dollara olan tələbin artması, “güvənli liman” maliyyə aləti kimi qızıla olan marağın azalmasına səbəb olur.