...

“Kənddən Şəhərə” markası adı altında qablaşdırılmış məhsulların təqdimat mərasimi keçirilib (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2019 12:52 (UTC +04:00)
“Kənddən Şəhərə” markası adı altında qablaşdırılmış məhsulların təqdimat mərasimi keçirilib.
“Kənddən Şəhərə” markası adı altında qablaşdırılmış məhsulların təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” markası adı altında brendləşdirilmiş məhsulların, eyniadlı onlayn satış platformasının və mobil əlavənin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev bildirib ki, Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti ölkə əhalisini keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün kiçik və orta fermer təsərrüfat sahiblərinin məhsullarının satışına dəstək göstərmək, bununla da kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, onların sosial rifahını yaxşılaşdırmağa yönəlib: "Hazırda "Kənddən Şəhərə" bir satış mərkəzi ilə fəaliyyət göstərir. Satış imkanlarının genişləndirilməsi üçün yarmarkalarının fəaliyyəti də nəzərdə tutulur".

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova isə bildirib ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərindən biri də məhsulların vahid ad altında qablaşdırılaraq satışını həyata keçirməkdən ibarətdir. Nəzərdə tutulan fəaliyyət planına uyğun, ilk olaraq Cənub bölgəsinin təbii və keyfiyyətli Haşimi düyüsü, Cəliliabad noxudu, 11 bölgədən toplanmış bal və arıçılıq məhsulları, eləcə də meyvə qurularının qablaşdırılması həyata keçirilib: "900 qramlıq qablaşdırmada olan "Haşimi düyüsü"nün keyfiyyəti yüksək, qiyməti isə daha sərfəlidir. Digər məhsul noxuddur, 700 qramlıq məhsul orta bazar qiymətindən daha aşağı qiymətə malikdir. Bundan əlavə 11 bölgədən 15 arıçıdan toplanan 10 fərqli bal növü də var. Bu ballar 150 və 300 qramlıq bankalarda qablaşdırılıb. Dördüncü məhsul isə meyvə qurularıdır. 8 fərqli məhsul qablaşdırılıb - alma, nar, nar qabığı, üzüm, alça, xurma, pomidor və feyxua quruları. Məhsullar 150, 200, 250 və 500 qramlıq paketlərdə quraşdırılıb".

Daha sonra "Kənddən Şəhərə" onlayn satış platformasının da təqdimatı keçirilib. L.Məmmədova bildirib ki, "k-s.az" onlayn satış platforması mayın sonunadək istifadəyə veriləcək: "Üç versiyada təqdim olunacaq. Onlayn post-terminal vasitəsilə və nağd ödəniş etmək seçimləri mümkün olacaq".

O qeyd edib ki, “Kənddən Şəhərə” sosial layihəsi çərçivəsində qablaşdırılan məhsulların qiyməti sərfəlidir, keyfiyyəti isə qida təhlükəsizliyi standartlarına uyğundur. Qiymətlərin aşağı olmasına səbəb məhsulların birbaşa fermerlərdən əldə edilməsi, böyük biznes marağınının olmaması, eyni zamanda kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışının prioritet hədəf olmasıdır.

Təqdimat mərasimində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən fermerlərin satış imkanlarının artırılması üçün sistemli və davamlı işlərin görüləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti