...

KOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək

İqtisadiyyat Materials 21 İyun 2019 17:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda qadınlar sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar.

Ölkə üzrə qeydiyyatdan keçmiş fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. Regionlarda qadınların maliyyə savadlılığının artırılması və maliyyə idarəetmə davranışlarının inkişaf etdirilməsi, onların biznesə başlamaq və inkişaf etdirmək üçün potensialının artırılması diqqət mərkəzindədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, bu barədə iyunun 21-də Bakıda keçirilmiş Qadın sahibkarlığın inkişafına dair Beynəlxalq Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Ölkəmizdə qadın sahibkarlığının inkişaf etdirilməsinin KOBİA-nın qarşısında duran prioritet məsələlərdən olduğunu qeyd edən Agentlik rəhbəri kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması, qadın sahibkarlığının inkişafının təşviq edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında həyata keçirilir. Bu baxımdan, Agentliyin yanında yaradılmış və sahibkarların ictimai birliklərinin təmsil olunduğu İctimai Şuranın imkanlarından geniş istifadə edilir. Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada həmçinin Qadın Sahibkarlığının İnkişafı Assosasiyası da təmsil olunur.

Qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olmalıdır və bu yerlərdə qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilməli və müvafiq tədbirlər görülməlidir. Qadın sahibkarlığının inkişafının dəstəklənməsinin təşkilati modellərinin, o cümlədən biznes inkubatorların yaradılması da Agentlik tərəfindən dəstəklənəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti