...

Avro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq (FOTO)

İqtisadiyyat Materials 19 Fevral 2020 11:50 (UTC +04:00)
Avro-2020-nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq.
Avro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq (FOTO)

Bakı. Trend:

Avro-2020-nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq. KOB-lara dəstək məqsədilə Avro-2020-nin Bakıda təşkil olunacaq “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq.

Trend-in məlumatına görə, bu məqsədlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) birgə əməkdaşlıq edəcək. Fevralın 19-da KOBİA və AFFA-nın təşkilatçılığı, 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı-2020 kimi nüfuzlu tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu il Azərbaycanın ev sahibliyi edəcəyi Avro-2020 oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına öz töhfəsini verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib. Vurğulanıb ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi müvafiq ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burada KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və s. satışı nəzərdə tutulur. Bu əməkdaşlıq həmçinin, Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və s.) istifadəsinə əlverişli imkan yaradacaq.

AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov Avro-2020 çərçivəsində Bakıda keçiriləcək oyunlar barədə məlumat verib, oyunların ölkəmizdə keçirilməsinin idmanla yanaşı, turizm və sahibkarlığın inkişafı üçün də əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində Avro-2020 və biznes imkanları”na dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə dair film nümayiş olunub.

Sonra KOBİA və AFFA arasında Avro-2020 çərçivəsində ölkəmizdə keçiriləcək oyunlar zamanı KOB-lara dəstəyə dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti