...

Azərbaycan özəl təşkilatların beynəlxalq avtomobil daşımalarında iştirak mexanizmini təkmilləşdirir - Rəşad Bayramov (Müsahibə)

İqtisadiyyat Materials 6 İyul 2021 15:23 (UTC +04:00)
Azərbaycan özəl təşkilatların beynəlxalq avtomobil daşımalarında iştirak mexanizmini təkmilləşdirir - Rəşad Bayramov (Müsahibə)

Bakı. Sədrəddin Ağcayev – Trend:

Azərbaycan özəl təşkilatların beynəlxalq avtomobil daşımalarında iştirak mexanizmini təkmilləşdirir.

Bunu Trend-ə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Rəşad Bayramov deyib.

Müşavir daşıyıcılar arasında icazə blanklarının verilməsinin yeni qaydaları barədə danışıb:

“Bu, avtomobil nəqliyyatı ilə beynəxalq daşımalarda vacib iqtisadi vasitədir. Əldə olunan razılaşmaya əsasən, bu proses Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən icra olunacaq. İcazələrin verilməsi prosesinin daşıyıcıların təmsil olunduğu ictimai birlik tərəfindən təşkil olunması mexanizmin təkmilləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyə uyğun olaraq bu sahədə tənzimləmə səlahiyyətləri əvvəlki kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qalır. Əsas məqsəd isə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda çatışmazlıqların operativ aradan qaldırılması və daşıyıcıların, müstəqil ekspertlərin və digər maraqlı tərəflərin iştirakı ilə təkmilləşdirilmiş mexanizmin yaradılmasıdır. Qanun pozuntularının, diqqətdən qaçan digər aspektlərin aşkar edilməsi, sahibkarların dövlət və hökumətin qərar vermə prosesində iştirakının təmin edilməsi məqsədilə imzalanmış memorandum nazirliyə milli daşıyıcıların problemlərinin həlli üçün daha səmərəli işləməyə imkan verəcək”.

R.Bayramov qeyd edib ki, icazələrin verilməsinin şəffaf mühiti yeni standartlar, müxtəlif nəzər nöqtələri və fikir mübadiləsi tələb edir:

“Sahibkar-daşıyıcılar arasında icazələrin verilməsi prosesinə nəzarət təkcə dövlət strukturu tərəfindən olmayacaq, daşıyıcılar və müstəqil ekspertlər prosesə nəzarət və müdaxilə hüququna malik olacaq. Bu sahədə böyük inkişaf yolu keçmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, tərəfdaşlıq layihələri xüsusi əhəmiyyət daşıyır. Bu cür əməkdaşlıq sahibkarlarla dialoq mühitinin yaradılmasını ifadə edir. Bu memorandum dövlətlə sahibkarlar arasında daha sıx qarşılıqlı anlaşma, təşəbbüslər irəli sürülərkən vasitəçilər olmadan təmas qurulmasına baxımından əməkdaşlığın digər istiqamətləri üçün də əsas təşkil edəcək”.

Müşavir xatırladıb ki, dövlət başçısı dövlət-özəl tərəfdaşlığının daha konkret layihələrə əsaslanmalı olduğunu vurğulayıb:

“İmzalanmış memorandumu beynəlxalq daşımalar sahəsində konkret layihələrdən biri kimi qiymətləndirmək olar. Konkret layihə isə sahibkarların maraqlarının qorunması baxımından böyük imkanlar yaradacaq. Qeyd etmək istəyirəm ki, ölkələr arasında siyasi və iqtisadi münasibətlər kvota əsasında daşımalar üçün icazə blanklarının mübadiləsi zamanı vacib rol oynayır. ABADA daşımalarla bağlı beynəlxalq danışıqlarda iştirak etmək, təmsil etdiyi sahibkarların tələblərini irəli sürmək və tələblərin reallaşdırılması ilə bağlı mübarizə aparmaq hüququna malikdir”.

İcazə blanklarının verilməsi səlahiyyətinin nazirlik tərəfindən məhz bu assosiasiyaya verilməsi barədə danışan R.Bayramov vurğulayıb ki, qurum bu prosesin icrasını hər hansı digər struktura etibar etməyib:

“Biz icazələrin verilməsində iştiraka daşıyıcı-sahibkarların daxil olduğu maraqlı tərəfi cəlb etmişik. ABADA daşıyıcıların təmsil olunduğu ictimai birlikdir. Təşkilat 1993-cü ildə yaranıb və qeyri-kommersiya hüquqi şəxsdir. Qurumun fəaliyyəti bütün Azərbaycan ərazisini əhatə edir. ABADA bu sahədə 30 illik iş təcrübəsinə malik yeganə assosiasiyadır”.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti