...

Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib

İqtisadiyyat Materials 9 Dekabr 2021 13:38 (UTC +04:00)
Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib

Bakı. Trend:

İllər boyu Azərbaycanın meyvə şirələri bazarında lider olan “Jalə” markası əvvəlki populyarlığını qaytarmaq üzrədir. Artıq bir neçə ildir ki, supermarketlərin rəflərində yeni cəlbedici dizaynlı, fərqli ölçülü rəngarəng qutularda müxtəlif çeşidli “Jalə” şirələrinə rast gəlirik. İstehsalçılar bildirirlər ki, son dövrlərdə dəyişən yalnız məhsulun görünüşü və dizaynı deyil. Eyni zamanda, “Jalə”nin tərkibi də dəyişərək daha faydalı və daha dadlı olub.

“Jalə” markasına aid meyvə şirələrinin istehsal olunduğu Qəbələ Konserv Zavodunun yerli emal sahəsinin rəisi Valeh Ovçuyev bizə müsahibəsində bu şirələrin hazırlanması prosesi, yəni xammalın saxlanılması, emal üsulları və digər maraqlı məqamlar haqqında məlumat verib.

- Yenilənmiş “Jalə” şirə və nektarlarının dadı nə ilə fərqlənir? İndi “Jalə” hansı xüsusiyyətlərinə görə digər şirələrdən üstündür?

- Bazardakı digər meyvə şirələrindən fərqli olaraq, “Jalə”də meyvə tərkibi daha çoxdur. Çünki şirənin içində onun hazırlandığı quru maddənin (meyvənin konsentratının, püresinin) tərkibini artırmışıq. Bu da şirəni daha dadlı edir və meyvənin faydalı elementlərinin, vitaminlərinin daha çox qorunmasına gətirib çıxarır. “Jalə” şirələrində hansısa kimyəvi qatqı, dadlandırıcı və ya rəngləndirici, qoruyucu konservantların mövcudluğundan söhbət gedə bilməz. Bunu tam əminliklə deyirik ki, “Jalə” şirələri 100 faiz təbii meyvə tərkiblidir. Biz istehsal etdiyimiz məhsulun keyfiyyətinə tam zəmanət veririk.

- Şirələr hansı meyvələrdən çəkilir? Meyvələrin toplanıb saxlaılnması hansı şəraitdə aparılır?

- İstehsal üçün yalnız ekoloji baxımdan saf və təmiz meyvələrdən istifadə olunur. Hər meyvə öz mövsümündə həm yerli əhalidən, həm də şirkətlərdən qəbul edilir. Məsələn, elə indi narın qəbul dövrüdür, bir müddət sonra heyvanın qəbuluna başlanılacaq. Əldə olunan meyvə xüsusi avadanlıq tərəfindən ölçüsünə, çəkisinə və rənginə görə çeşidlənir. Daha sonra meyvələr emala göndərilir və onlardan beynəlxalq standartlara uyğun olaraq şirə maddəsi hazırlanır. Bu, özlüyündə qatı bal və ya doşaba bənzər məhluldur. Meyvənin içərisindəki sərbəst su buxarlandırılaraq xüsusi 200-250 kq-lıq qablarda lazımi temperatur rejimində saxlanılır. Bu maddədən şirə istehsal olunduqda, onun tərkibi başlanğıcda olduğu kimi 100% təbii formada qalır.

Onu da deyim ki, meyvə şirələrinin hamısı eyni yerdə, eyni temperaturda saxlanılmır. Çünki hər meyvənin özünə uyğun saxlanma şəraiti, vitaminlərin qorunması üçün xüsusi temperatur tələbi var. Əgər şaftalını +5 dərəcədə saxlamaq olarsa, nar -18 dərəcədə qalmalıdır ki, xüsusiyyətini və rəngini itirməsin. Bu baxımdan, tam əminliklə deyə bilərik ki, məhsullarımız orqanikdir və insan sağlamlığı üçün çox faydalıdır. Həmçinin düzgün qablaşdırıldığı üçün uzunömürlüdür.

- Siz də qeyd etdiniz ki, meyvə şirələrinin keyfiyyəti həm də onun istehsalında istifadə edilən texnologiya və qablaşdırmadan asılıdır. Bu baxımdan, Qəbələ Konserv Zavodundakı şərait haqqında nə deyə bilərsiniz?

- “Jalə” şirələrinin istehsal olunduğu Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən inkişaf etmiş müəssisələrindən biridir. Bu zavodun məhsulları təkcə daxili bazarda satılmır, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Çin, Yaponiya, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə ixrac olunur. Təxminən 100 çeşid məhsul istehsal edən zavodumuz İtaliyanın “Padovan”, eləcə də İsveçin “Tetra Pak” şirkətinin ən son müasir texnoloji avadanlıqları ilə təchiz olunub. Dünyada maye qidaların qablaşdırılması sahəsində bir nömrəli şirkət olan “Tetra pak”ın doldurma xəttinin müasir proqramlaşdırma və idarəetmə sistemindən istifadə edirik. İndi Qəbələ Konserv Zavodu ildə 300 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. İstehsal olunan məhsullarımızın hamısı beynəlxalq keyfiyyət sertifikatlarına malikdir.

- Hazırda neçə növ “Jalə” şirələri və nektarları istehsal edilir? Gələcəkdə daha hansı yeniliklərin şahidi ola biləcəyik?

- Qəbələ Konserv Zavodu ilk fəaliyyətə başladığı dövrdə yalnız şüşə qablı meyvə şirələri və nektarlarının istehsalı ilə məşğul idi. Hazırda isə zavodda şüşə qabla yanaşı, “Tetra Pak” qablaşdırmalı qutularda da şirələr istehsal olunur. Biz insanların ən çox sevdiyi dadları toplamışıq – alma, ananas, şaftalı, portağal, albalı və digər meyvələrin şirə və nektarlarını, bir neçə meyvədən hazırlanan multivitamin şirəsini və tomat şirəsini təqdim edirik. İndi “Jalə” markası altında 7 çeşid meyvədən 1 litrlik və 200 ml ölçülü qutularda şirələr buraxılır. Qarşıdakı illərdə çeşidi daha da artıra bilərik.

Bir daha qeyd etmək istərdim ki, digər markalarla müqayisədə “Jalə” şirələri daha təbii və tərkibi daha çox meyvəlidir. Biz şirələrə kimyəvi dadlandırıcı qatmırıq, onların təbiiliyini qorumağı, əhaliyə daha sağlıqlı və faydalı məhsul təqdim etməyi üstün tuturuq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti