Bakı. Trend:
İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) POLYMART MMC ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tədris İşləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, universitetin professor müəllim heyəti, həmçinin POLYMART MMC-nin Təsisçisi və Baş icraçı direktoru Rəşad Cabirli və nümayəndə heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən, rektor, professor M.Babanlı birgə əməkdaşlıq istiqamətlərindən söz açaraq, tələbələrin gündəlik təcrübə keçməsinin önəmini vurğulayıb, birgə tədris proqramlarının, praktiki mövzuların və yol xəritəsinin tərtib olunmasında elmlə təcrübənin tətbiqinin zəruriliyini bildirib.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən POLYMART MMC-nin Təsisçisi və Baş icraçı direktoru R.Cabirli şirkət haqqında iştirakçılara ətraflı məlumat verib və universitetlə bir çox sahələr üzrə genişmiqyaslı əməkdaşlıq imkanlarının olduğunu bildirib. R.Cabirli qeyd edib ki, əlaqələrin möhkəmlənməsini yüksək qiymətləndirir.
Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tərəflər arasında imzalanan memorandum, təhsil və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məqsədi daşıyır. İmzalanan memoranduma əsasən, tərəflər ali məktəbin elmi təcürbi layihələrinin istehsalatda təcürbi məqsədlərlə tətbiqi işinin təşkilini birlikdə aparacaq, eyni zamanda, istehsalatda qarşıya çıxan problemlərin araşdırılması və müəyyən həllərin tapılması istiqamətində ADNSU və POLYMART MMC əməkdaşları qarşılıqlı elmi praktiki fəaliyyət təşkil edəcəklər.
Bütün bunlarla yanaşı, ADNSU və POLYMART MMC əməkdaşlığı nəticəsində ortaya çıxan yeni məhsulların istehsalını da birgə təşkil edəcəklər.
İmzalanan memorandum ADNSU və POLYMART MMC əməkdaşlarının, müxtəlif istiqamətlərdə bilik mübadiləsinin təşkili, zəruri olduğu hallarda tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsini, eyni zamanda, ADNSU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.
Memorandumda, eyni zamanda, POLİMART MMC əməkdaşlarının ADNSU-da qonaq spiker qismində çıxış etməsi, habelə, zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi də nəzərə alınıb.