...

İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

İqtisadiyyat Materials 16 Avqust 2022 11:32 (UTC +04:00)
İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Bakı. Trend:

2022-ci ilin iyul ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 109 faiz artaraq, 34 milyon 320 min 425 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 83 faiz artaraq 8 milyon 924 min 652 nəfər, beynəlxalq reyslər üzrə isə 1,2 dəfə artaraq 25 milyon 395 min 773 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 87 faiz artaraq 1 milyon 418 min 602 ton təşkil edib. Bununla yanaşı, iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq, 115 min 407 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 91 faiz artaraq, 1 milyon 303 min 195 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76 faiz artaraq, 232 min 113 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 64 faiz artaraq 61 min 606, beynəlxalq reyslər üzrə isə 81 faiz artaraq 170 min 507 olub.

2022-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 96 milyon 441 min 737 nəfər, yük dövriyyəsi isə 2 milyon 197 min 247 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti