Bakı. Trend:
Yanvarın 26-da maliyyə naziri Samir Şərifov ölkəmizə səfər edən Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Mərkəzi və Şərqi Avropa regionu üzrə yeni direktoru xanım Rana Karadşeh və onu müşayiət edən IFC-nin Cənubi Qafqaz regionu və Azərbaycan üzrə ofislərinin rəhbərləri ilə görüşüb.
Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycanın IFC ilə uzunmüddətli əməkdaşlığı məmnunluqla qeyd olunub, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ölkə üzrə investisiya mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatı rəqabətliliyi və maliyyə resurslarına çıxış, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın, maliyyə bazarının inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı, dənizdə külək enerjisi də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə maliyyə-texniki dəstək layihələrinin əhəmiyyəti qeyd olunub.
Xanım Rana Karadşeh təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək IFC-nin Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.