Bakı. Trend:
Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmalıdır.
Trend-in Özbəkistan mediasına istinadən məlumatına görə, bu barədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov birinci Özbəkistan-Azərbaycan Regionlararası forumunda deyib.
Nazirin sözlərinə görə, Özbəkistan növbəti beş il ərzində Azərbaycanla qarşılıqlı ticarəti 1 milyard dollaradək çatdırmağı qarşısına məqsəd olaraq qoyub.
Nazir, həmçinin, Özbəkistanın Azərbaycandan idxalı 500 milyon, ixracı isə 600 milyon dollaradək artırmağı planlaşdırdığını əlavə edib.
Birinci Özbəkistan-Azərbaycan Regionlararası forumu 23-24 fevral tarixlərində Daşkənd şəhərində keçirilir. Forumda Özbəkistan və Azərbaycan arasında 500 milyon dollar dəyərində Birgə İnvestisiya Fondunun təsis edilməsi haqqında Hökumətlərarası Saziş imzalanıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 181,9 milyon dollar olub. Özbəkistandan Azərbaycana ixrac ötən il 132,3 milyon dollar, ölkədən idxal isə 49,5 milyon dollar təşkil edib. Təkcə 2023-cü ilin yanvar ayında iki ölkə arasında əmtəə dövriyyəsi 11 milyon dolları keçib.