...

Yerli universitetlərin elmi-tədqiqat potensialının artırılmasına dəstək

İqtisadiyyat Materials 12 İyun 2023 10:31 (UTC +04:00)

Bakı. Trend:

bp Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi tədqiqat potensialının gücləndirilməsinə dəstək məqsədli təhsil layihəsini uğurla tamamlayıb.

Layihə bir neçə komponenti əhatə edirdi və bu komponentlərin hamısı universitetin professor-müəllim heyətinin, tədqiqatçılarının, doktorant və magistrantlarının dünyanın aparıcı tədqiqat mərkəzləri ilə bir araya gələrək öz elmi fəaliyyətlərində daha böyük uğurlara nail olmalarına dəstək məqsədi daşıyırdı.

Bu gün layihənin uğurla başa çatması münasibətilə UNEC-də keçirilən forumda çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu layihə UNEC-in beynəlxalq tədqiqat mərkəzləri və universitetlərlə etibarlı akademik tərəfdaş kimi sıx əməkdaşlıq etməsinə dəstəyimizin davamıdır. Ümid edirik ki, layihə bu universitetə ​​beynəlxalq elmi təşəbbüslərə qoşulmaq, nüfuzlu və təcrübəli bir mənbə kimi dünyanın aparıcı elmi institutları ilə əməkdaşlıq etmək imkanları yaradacaq.

Bundan öncə biz bu universitetin öz tədqiqat potensialını gücləndirmək səylərinə dəstək olaraq UNEC-ə üç laboratoriya bağışlamışıq. Fəxr edirik ki, bu laboratoriyalardan birinə - Qida Kimyası Laboratoriyasına, kimya üzrə Nobel mükafatı laureatı türk əsilli molekulyar bioloq Aziz Sancarın adı verilib. Bu dünya şöhrətli alim 2021-ci ildə özü şəxsən UNEC-ə gələrək bp-nin bağışladığı laboratoriyanın açılışını edib. Ümid edirik ki, bu layihələrimiz UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat potensialının genişləndirilməsinə mühüm töhfə olacaq.”

Layihə çərçivəsində bp:

  • UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinə tam avtomatik Drawell DTR8000 Raman spektrometri bağışlayıb. Bu cihaz nanohissəciklər və yeni materiallar, bioloji elmlər, material elmləri, tibbi analiz, kənd təsərrüfatı və qida texnologiyaları, suyun çirklənməsinin təhlili, ətraf mühit elmləri və digər aparıcı fənn sahələrdə tədqiqatlar aparmağa imkan yaradır.
  • UNEC-in beş aliminin Florensiyadakı Nello Carrara Tətbiqi Fizika İnstitutu və Verona Universiteti ilə əməkdaşlığını dəstəkləyərək onların tədqiqat və akademik araşdırmaları üçün səfərlərini maliyyələşdirib. Bu əməkdaşlıq nəticəsində beş yüksək keyfiyyətli tədqiqat işi hazırlanaraq WoS (Web of Science) və Scopus kimi beynəlxalq elmi məlumat bazalarında dərc olunmaq üçün təqdim edilib.
  • UNEC-in Türkiyənin Sakarya Universiteti ilə geniş tərəfdaşlıq qurmasına və onlarla birgə üç konfrans keçirməsinə dəstək verib. Bu konfranslarda 19 ölkəni təmsil edən 50-dən çox universitetin nümayəndələri iştirak ediblər. Tədbirlər kimya elmləri və texnologiyaları, humin turşuları, təbiət elmləri və mühəndislik ixtiraları kimi sahələri əhatə edib.

UNEC tərəfindən icra olunan bu layihənin müddəti 13 ay (yanvar 2022 – fevral 2023) idi.

Layihənin ümumi dəyəri 170.000 AZN (100.000 ABŞ dolları) olub və buraya tədqiqat avadanlıqları, UNEC-in alimlərinin tədqiqat səfərləri və üç birgə konfransın xərcləri daxil idi.

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2307 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Məqalədə:
Xəbər lenti

Xəbər lenti