Bakı. Trend:
Türkmənistanda SOCAR-ın nümayəndəliyinin ofisi açılıb.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik.
Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür", - nazir bildirib.
Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.
Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən, əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.