Bakı. Trend:
Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü il ərzindəki fəaliyyətin yekunlarına və gələcək hədəflərə həsr olunan mətbuat konfransında deyib.
"Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb. Qeyd olunan vəsaitin 5,6 milyon manatı əməyin ödənilməsi, 14,7 milyon manat qeyri-əmtəə əməliyyatları, 8,5 milyon manat kənd təsərrüfatı sahəsində subsidiyalar, 94,5 milyon manat isə digər maliyyə pozuntuları ilə əlaqədar olub", - o deyib.
Qeyd edək ki, Hesablama Palatasının fəaliyyət istiqaməti əsasən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Həmin Qanuna əsasən Palata kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verir, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti fəaliyyətinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparır, dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir və xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olur.
(Tərcümə: Rəna Əbdürəhmanova)