Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər sıfır emissiya zonasına çevriləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 16-cı plenar iclasında çıxışı zamanı deyib.
"Təmiz ətraf mühit və "yaşıl" iqtisadi artım yeni milli inkişaf strategiyamızın beş prioritet sahəsindən birinə çevrilib. Buna müvafiq olaraq, Azərbaycan istixana qazı emissiyalarını daha da azaltmağın yollarını araşdırır və 1,5 dərəcə Selsi ilə uyğun gələn milli prioritetlər yaratmağa çalışır. Bir neçə ay əvvəl biz 2030-cu il üçün "Qlobal Metan Vədi"nə qoşulduq.
Biz həmçinin 2050-ci ilə kimi Qarabağda və Şərqi Zəngəzurda yaşıl enerji zonaları yaradacaq və karbon neytrallığına nail olacağıq. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində, davamlı inkişafa töhfə verməkdə, yoxsulluğun aradan qaldırılmasında və regionda və onun hüdudlarından kənarda milyonlarla insanın təmiz enerjiyə keçidinə kömək etməkdə mühüm rol oynamağa davam edəcək", - deyə nazir bildirib.
C.Bayramov əlavə edib ki, 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik gücünün 30 faizini təşkil edəcəyi gözlənilir: "Bu yüksək məqsəd, ilk növbədə, enerji səmərəliliyini artırmaq və şəhər mühitində, nəqliyyat sistemində və sənayedə innovativ həllər təqdim etmək üçün qoyulub".