Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışı həyata keçirilib.
Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, müəssisə uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslaşıb.
Bu ilin sentyabr ayında müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Rafa Group” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqənin qalibi ilə imzalanmış alğı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 15 milyon manat vəsaiti köçürülməli, 5 il ərzində müəssisədə 10 milyon 800 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir.
Proqram çərçivəsində investor tərəfindən müəssisədə müxtəlif növ bezlər, nəm salfet istehsalının təşkili və bu məqsədlə müvafiq avadanlıqların alınıb quraşdırılması, mövcud tikili və avadanlıqların təmiri, əlavə tikililərin inşası, müəssisənin xammalla təmin edilməsi, nəqliyyat vasitələri və texnikaların alınması planlaşdırılır.
Bununla yanaşı, İnvestisiya Proqramı çərçivəsində müəssisədə ən azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.