Bakı. Trend:
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, ötən ilin oktyabr ayından indiyə qədər 223
nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib və bu rəqəm hər gün
artmaqdadır.
Qeyd olunub ki, “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata
keçirilən proqramda iştirak edən şəxslərə onların təhvil verdiyi
nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq, təsdiqedici
sənədlər üzrə ərizəçilərə 140 min manatdan çox birdəfəlik ödəniş
verilmiş, o cümlədən yerli istehsal yeni nəqliyyat vasitəsinin
satışı üzrə 25 000 manat güzəşt tətbiq edilib.
"Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.
Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat
vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha
sonra çıxdaş arayışı əsasında zəruri məlumatlar vətəndaşların
rahatlığını təmin etmək məqsədilə yaradılan www.nvu.gov.az
portalına daxil edilməli və nəqliyyat vasitəsi ərizəçi tərəfindən
seçilmiş utilizatorun qəbul məntəqəsinə təyin edilmiş vaxtda təhvil
verilməlidir.
Hazırda reyestrdə qeydə alınmış yalnız bir utilizator “Fors” MMC
nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu Bakı şəhərində
həyata keçirir. Bununla yanaşı, reyestrdə qeydiyyat üçün müraciət
etmiş ərizəçilərin müraciətləri də baxılmaqdadır. Gələcəkdə
regionlarda utilizatorların qeydiyyatı və qəbul məntəqələrinin
fəaliyyət göstərməsi nəzərdə tutulur", - məlumatda vurğulanıb.