...

WEF və Azərbaycan 650 şirkətə rəqəmsal transformasiya yol xəritəsinin hazırlanması üzrə əməkdaşlıq edir - Fariz Cəfərov

İqtisadiyyat Materials 22 Yanvar 2025 18:31 (UTC +04:00)
WEF və Azərbaycan 650 şirkətə rəqəmsal transformasiya yol xəritəsinin hazırlanması üzrə əməkdaşlıq edir - Fariz Cəfərov
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Dünya İqtisadi Forumu (WEF) və Azərbaycan 2030-cu ilə qədər 650 Azərbaycan şirkətinə rəqəmsal transformasiya yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

"Dünya İqtisadi Forumunun dünya üzrə 21 Dördüncü Sənaye İnqilabı Mərkəzi var. Azərbaycan bu mərkəzlərdən birinə ev sahibliyi edir. İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Mərkəzin əsas fəaliyyəti Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etmək, dünya təcrübəsini Azərbaycana gətirmək, sənayenin rəqəmsallaşması, sənaye 4.0 konsepsiyalarının tətbiqi, yeni texnologiyaların inkişafı və Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına təkan verməkdir", - o bildirib.

Onun sözlərinə görə, Mərkəz Dünya İqtisadi Forumu ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edir.

"Ənənəvi olaraq, Dünya İqtisadi Forumu hər il Davos forumu ərəfəsində bir sıra hesabatlar dərc edir. Bunlardan biri Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin "Impact Report" dediyimiz Təsir hesabatıdır ki, burada Azərbaycana aid 4-dən çox fərqli istiqamətdə uğur hekayəsi paylaşıblar. Onlardan biri rəqəmsal iqtisadiyyat sahəsində hazırlanan strategiya, həmin startegiya çərçivəsində texnologiya mərkəzlərinin yaradılması, 650-dən çox şirkətin rəqəmsal tranformasiyasının aparılması, o cümlədən insanların Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində nümunələri göstəriblər. Xüsusilə də "Coursera" ilə olan əməkdaşlığımız göstərilib. Bildiyiniz kimi, ötən il 10 min Azərbaycan vətəndaşına Dördüncü Sənaye İnqilabı texnologiyalarında bilik və bacarıqlar əldə etmələri üçün ödənişsiz olaraq "Coursera" online təhsil platformasına giriş imkanı verilib. Bu il proqram 200 min insanı əhatə edəcək. Bundan əlavə, hesabatda Azərbaycanın rəqəmsal iqtisadiyyatına xarici investisiyanın cəlbi ilə bağlı Dünya İqtisadi Forumu tərəfindən ölkəmizdə keçirilmiş sorğu və nəticələri, bu sorğu nəticəsində 13 istiqamət üzrə tövsiyyə sənədi hazırlandı, 100-dən çox şirkətlə Azərbaycanda müsahibə keçirildi, 15 şirkətlə üzbə-üz müsahibələr keçirilib, "start-up"ların, ekosistemin inkişafı, innovasiyaların inkişaf etməsi və Azərbaycana xarici investorların, o cümlədən xarici istedadların gəlməsi üçün atılacaq addımlar istiqamətində tövsiyyə hazırlanıb. Bu sənədi biz artıq Azərbaycanda müxtəlif tərəflərlə paylaşmışıq", - o bildirib.

F.Cəfərov qeyd edib ki, ötən il Azərbaycanda keçirilən COP29 tədbiri ilə əlaqədar olaraq Dünya İqtisadi Forumu Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzini tərəfdaş seçərək, enerjidə süni intellekt hesabatı hazırladı.

"Bu hesabatda bizim mərkəz tərəfindən hazırlanan dünyanın ən qabaqcıl 40 uğurlu süni intellekt sahəsində tətbiqini biz hazırladıq və təqdim etdik. Bu hesabatda da Azərbaycanın bu sənədə verdiyi töhfə ifadə olunub.

Mərkəzimiz eyni zamanda Dünya İqtisadi Forumunun süni intellekt qlobal alyansının üzvüdür və bizim ekspertlər bu tədbirdə iştirak edir. Eyni zamanda, "GovTech" dediyimiz hökumət texnologiyaları işçi qrupunun da üzvüdür. Bu yaxınlarda Dünya İqtisadi Forumunun daha bir hesabatı çıxdı, hökumət texnologiyaları ilə bağlı. Burada 7 ölkə nümunə olaraq göstərilib ki, dövlət-özəl tərəfdaşlığı ilə Azərbaycanda 10-dan çox fərqli sahədə dövlət layihələri həyata keçirilib. Bunların sırasında həm elektron tender platformasını, həm ASAN Visa-nı və bir sıra uğurları təqdim etmişdilər. Bununla yanaşı, ASAN Xidmət də uğurlu dövlət xidməti modeli olaraq nümunə göstərmişdilər", - o bildirib.

F.Cəfərov əlavə edib ki, bu hesabatda, qeyd edildiyi kimi, 7 ölkə ən yaxşı təcrübə olaraq paylaşılmışdı və Azərbaycan onlardan biridir.

"Bununla yanaşı biz Dünya İqtisadi Forumu ilə sənayedə ağıllı texnologiyaların tətbiq edilməsi və Azərbaycanda sənaye sahəsində olan şirkətlərin diaqnostikasının aparılması və onlarda boşluqların tapılması, bu boşluqların aradan qaldırılması üçün tətbiq oluna biləcək beynəlxalq texnologiyalarla bağlı araşdırmalar edirik. Azərbaycanda artıq bir sıra şirkət bu qiymətləndirmədən keçib. Bu metodologiyanı biz Azərbaycana gətirmişik. 2030-cu ilə qədər 650 Azərbaycan şirkətinin, kiçik və orta bizneslərin bu prosesdən keçməsi, onlara rəqəmsal transformasiya yol xəritəsinin hazırlanması və texnologiyaların tətbiq edilməsi istiqamətində əməkdaşlıq edirik.

Bunu da qeyd edim ki, Dünya İqtisadi Forumunun bir sıra şəbəkəsində beynəlxalq təşkilatlar var. Bunların sırasında Apple, Google, TikTok, Binance və sair şirkətlər var ki, bu şirkətlərin də Azərbaycanda təmin olunması, yeni tərəfdaşlarla əlaqələrin qurulması, eyni zamanda universitetlər və digər araşdırma mərkəzləri ilə işlərin təşkili istiqamətində mərkəzimiz dəstək göstərir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti