...

Almaniya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına yatırım imkanları nəzərdən keçirilir

İqtisadiyyat Materials 23 Yanvar 2025 14:41 (UTC +04:00)
Almaniya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına yatırım imkanları nəzərdən keçirilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın, o cümlədən Bavariyanın ixrac yönümlü istehsal şirkətləri Ələt Azad İqtisadi Zonasına (AFEZ) yatırım imkanlarını nəzərdən keçirməyə dəvət edilib.

Azərbaycanın Almaniyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bu, Münxen şəhərində “Yeni üfüqlərin araşdırılması: Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq imkanları” mövzusunda keçirilən Almaniya-Azərbaycan İqtisadi Forumu çərçivəsində baş tutub.

Bildirilib ki, Forum Azərbaycanın Almaniyadakı Səfirliyi və Alman İqtisadiyyatının Şərq Komitəsinin birgə təşkilatçılığı, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun dəstəyi, Bavariya İqtisadiyyatı Assosiasiyası və Bavariya Şərq-Qərb İqtisadi Forumunun tərəfdaşlığı ilə 21 yanvar 2025-ci il tarixində Almaniyanın Münxen şəhərində keçirilib.

Qeyd olunub ki, böyük sayda Bavariya şirkətlərinin qatıldığı tədbirdə açılış nitqini edən Bavariya İqtisadiyyatı Assosiasiyasının icraçı direktoru Bertram Brossardt, forumun ikitərəfli iqtisadi əlaqələrin daha da möhkəmlənməsi baxımından önəmini diqqətə çatdırıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın getdikcə artan iqtisadi potensialı, Orta Dəhlizdə oynadığı rol və həyata keçirdiyi nəqliyyat-tranzit layihələri, enerji keçidi və yaşıl enerji sahəsində malik olduğu böyük potensial, Almaniya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyəti və digər aktual məsələlər barədə geniş məlumat verib. Almaniya ilə ticarət dövriyyəmizin ⅓-nin Bavariyanın payına düşdüyünü, 177 Bavariya şirkətinin ölkəmizlə biznes əlaqələrinin olduğunu qeyd edən diplomat, Bavariya şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və sərmayə mühitindən daha da fəal şəkildə yararlanmağa dəvət edib.

Sonra Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Baysvenqer çıxış edərək, bir çox Bavariya şirkətlərinin xarici ölkələrdə uğurlu şəkildə fəaliyyət göstərdiyini, onların Azərbaycanda daha geniş fəaliyyəti məqsədilə imkanların öyrənilməsi üçün tədbirin uğurlu platforma rolunu oynaya biləcəyini bildirib.

Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov AFEZ-in unikal qanunvericiliyi, əlverişli coğrafi mövqeyi, maliyyə və qeyri-maliyyə imtiyazlar paketi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş istifadəyə hazır sənaye torpaq sahələri, nəqliyyat və logistika mərkəzləri haqqında ətraflı məlumat verərək, Almaniyanın, o cümlədən Bavariyanın ixrac yönümlü istehsal şirkətlərini AFEZ-ə yatırım imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Daha sonra tədbir “Əməkdaşlığın gücləndirilməsi: Almaniya və Azərbaycan şirkətləri üçün təşviqedici tədbirlər” mövzusunda panel müzakirəsi ilə davam edib. Müzakirələrdə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Fariz Əliyev, AR Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev iştirak ediblər. İştirakçılar tərəfindən Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat qovşaqları üzərində yerləşməsi və regional əhəmiyyətli nəqliyyat layihələri, enerji potensialı, enerji keçidi və bu istiqamətlərdə həyata keçirilən dövlət siyasəti, xarici investorların, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. Bu xüsusda, alman şirkətlərinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə iştirakı üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində “Uğur hekayələri: Azərbaycanda inkişaf edən alman şirkətləri” mövzusunda keçirilmiş ikinci panel sessiyasında “Falk Beratung” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Commerzbank” səhmdar cəmiyyətinin qlobal idxal bazarları üzrə direktoru Mixael Şvarts, “Schneider” şirkətlər qrupunun nümayəndəsi Tomas Mundri və “Ecovis” şirkətinin idarəedici tərəfdaşı Həşim Əliyev iştirak ediblər. Sessiyada Azərbaycanda uğurlu tərəfdaşlıqlar həyata keçirmiş alman şirkətlərinin təcrübələri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Münhendə səfərdə olan Azərbaycan nümayəndə heyəti Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Baysvenqer, eləcə də Bavariya İqtisadiyyat Nazirliyində görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti