Bakı. Trend:
2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, açılmış maliyyələşmənin 99,9 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması məqsədilə limanın genişləndirilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunub.
2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib.
Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.