Daşkənd. Trend:
Özbəkistanın “Uzbekneftegaz” dövlət neft-qaz şirkəti Azərbaycanın "CDF" şirkəti ilə Özbəkistanda qazma məhlullarının hazırlanması, təchizatı və texniki monitorinqi sisteminin tətbiqi ilə bağlı danışıqlar aparıb.
Trend xəbər verir ki, “Uzbekneftegaz”ın işçi qrupu "CDF" injinirinq şirkətinin Bakıdakı istehsalat müəssisələrində olub
Səfər zamanı “Uzbekneftegaz”ın nümayəndələri şirkətin infrastrukturu, o cümlədən qazma məhlulları üçün kimyəvi reagentlərin saxlanması anbarları və quyuların ləğvi üçün istifadə olunan avadanlıqlarla tanış olublar.
Tərəflər qazma məhlullarının emalı və təmizləmə sistemləri və avadanlıqlarına texniki xidmət göstərilməsi məsələlərini müzakirə ediblər.
Görüşlərin yekununda əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılıqlar əldə olunub.
"CDF" qazma məhlulları üzrə ixtisaslaşıb və dayaz qazma, 80 dərəcədən çox kənarlaşma bucağı olan quyularda, eləcə də yüksək temperatur və təzyiq şəraitində ikinci dərəcəli yanal qazma kimi çətin şərtlərdə təcrübəyə malikdir. Şirkət SOCAR AQŞ, Gulf Drilling FZE, DH NST, CS Oilfield Türkiye, "Azneft" İB kimi iri müəssisələrin, həmçinin Hindistan, Malayziya, Türkiyə, Çin və Avropa ölkələrindəki şirkətlərin təchizatçısıdır.