Bakı.Trend:
Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət haqqında hökumətlərarası sazişin ən yaxın zamanda qüvvəyə minəcəyini gözləyirik.
Trend xəbər verir ki, bunu Tehranda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransında bildirib.
“Yaxın aylarda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi təqvim müəyyən ediləcək. Bizim təmaslar, eyni zamanda, çoxtərəfli formatda davam edir. İlk növbədə İranın Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu əldə etməsi kontekstində. Əlbəttə ki, bu, iranlı qonşularımızla bütün istiqamətlərdə ticarət dövriyyəsinə təkan verəcək”, - deyə Lavrov bildirib.
Rusiyalı XİN rəhbəri İranla Rusiya arasındakı ticarət münasibətlərinin müsbət dinamika sərgilədiyini diqqətə çatdırıb.
“Ötən il ticarət dövriyyəsi 13 faizdən çox artıb və bu tendensiyanın qorunub-saxlanacağını düşünməyə tam əsas var”, -deyə rusiyalı ali diplomat əlavə edib.