...

Rumıniya və Azərbaycan qaz təchizatı ilə bağlı danışıqları bərpa edirlər – Nazir (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 27 Fevral 2025 08:00 (UTC +04:00)
Rumıniya və Azərbaycan qaz təchizatı ilə bağlı danışıqları bərpa edirlər – Nazir (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya Cənub Qaz Dəhlizi üzrə Bakıda keçiriləcək görüş çərçivəsində Azərbaycandan qaz həcmlərinə çıxışla bağlı Azərbaycan tərəfi ilə müzakirələrin bərpasında maraqlıdır.

Bunu Trend-ə özəl müsahibəsində Rumıniyanın energetika naziri Sebastyan-İon Burduca deyib.

"Rumıniya təbii qaz təchizatı marşrutlarını və mənbələrini şaxələndirməkdə və milli enerji təhlükəsizliyini təşviq edən tənzimləyici bazanın təmin edilməsində maraqlıdır. Rumıniya həmçinin Aİ səviyyəsində təbii qazın qiymətli keçid yanacağı kimi tanınmasını müdafiə etdi və sonrakı hadisələr bu potensialı təsdiqlədi. Ölkələr bərpa olunan enerji istehsalından tam asılı ola bilməz, ona görə də enerji sistemini dəstəkləmək və balanslaşdırmaq üçün təbii qazın potensialından istifadə etmək lazımdır", - deyə nazir bildirib.

Burduca qeyd edib ki, 2024-cü ildə Azərbaycan Avropaya 12,9 milyard kubmetr qaz ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 10 faiz çoxdur:

"Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına nəql olunan qazın həcmini iki dəfə artıraraq, 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb. Azərbaycanın Avropa bazarına enerji resurslarının etibarlı təchizatçısı kimi xüsusi rolu danılmazdır və Aİ-də Azərbaycan qazına tələbat əhəmiyyətli olaraq qalır".

O xatırladıb ki, 2023-cü il fevralın 3-də Bakıda Rumıniyanın milli qaz şirkəti SNGN ROMGAZ SA və Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan SOCAR TRADING arasında 2024-cü il martın 31-dək 1 milyard kubmetrədək Azərbaycan qazının tədarük imkanını nəzərdə tutan müqavilə imzalanıb:

"Bu müqavilənin bağlanması iki şirkət arasında uğurlu əməkdaşlığın sübutu oldu. Burada Rumıniyanın təbii qaz təchizatının təhlükəsizliyinin təmin edilməsi və tədarük mənbələrinin şaxələndirilməsi sahəsində strateji məqsədləri nəzərə alınıb. Bundan əlavə, 2022-ci ilin iyununda SNGN ROMGAZ SA və SOCAR arasında AnlaşmaMemorandumu imzalanıb və burada hər iki şirkət həm Azərbaycan təbii qazının Rumıniya bazarına tədarükü mexanizmlərinin təkmilləşdirilməsi, həm də enerji sektorunda qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün yeni imkanların araşdırılması sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildiriblər".

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

Rumıniyalı nazir vurğulayıb ki, Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropa və Balkanlara qədər genişləndirilməsi üçün konkret addımlar atılmalıdır.

O qeyd edib ki, təbii qaz bazarında qeyri-sabitlik və qeyri-müəyyənlik vəziyyəti qalmaqdadır və buna yeni çağırışlar və narahatlıqlar yaradan çoxsaylı hadisələr şərait yaradır.

"Rusiya qazından tədricən uzaqlaşmaq, marşrutların və tədarük mənbələrinin şaxələndirilməsi, şübhəsiz ki, uğurdur, lakin biz başa düşməliyik ki, bu zəruri tədbirlər həm də yeni çağırışlar gətirib. Ukraynada müharibə başlayandan bəri ciddi qaz çatışmazlığı yaşanmasa da, son üç il ərzində Rusiya qazının böyük hissəsinin çıxarılması Avropa qaz bazarlarını qısamüddətli fasilələr, Asiyada maye qaza artan tələbat və qışda yaşadığımız soyuq hava nəticəsində yaranan qiymət şoklarına qarşı daha həssas etdi", - deyə Burduca qeyd edib.

Rumıniyalı nazir qeyd edib ki, Avropada hələ də Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpasını tələb edən ölkələr var:

"Bundan əlavə, qış mövsümünün ortasında aşağı temperatur proqnozları və Mərkəzi və Şərqi Avropa anbarlarında qaz həcmlərinin azalması səbəbindən artıq stress altında olan Avropa qaz bazarında sabitliyi daha da pozan bir sıra hadisələr baş verdi. Trans-Adriatik Boru Kəməri ilə Azərbaycan qazının tədarükünə təsir edən “Şahdəniz 2” yatağında hasilatın müvəqqəti dayandırılmasından sonra Aleksandrupoli maye qaz (LNG) terminalı bu yaxınlarda DESFA şəbəkəsinə qaz tədarükünü dayandırdı və bu, əlavə suallar doğurdu. Avropada qazın topdansatış qiymətləri artıb, çünki regionun anbarları həmişəkindən daha tez tükənir və növbəti mövsümdə qazın doldurulması ilə bağlı narahatlıqlar artıb".

Burduca qeyd edib ki, təbii amillərin qaz bazarında gərgin vəziyyətə gətirib çıxarmasına baxmayaraq, bu fenomen bir faktı vurğulayır ki, hazırda soyuq mövsümün əvvəlində gözlənilməz hadisə - şiddətli soyuq dalğa və ya qaz təchizatında fasilə baş verərsə, anbar tutumunun yüksək səviyyəsi kifayət etməyə bilər:

"Bəzən yerli istehsal və qaz anbarı öz məhdudiyyətlərini göstərir. Bu qeyri-müəyyənlik və qorxu axınında Cənub Qaz Dəhlizi artıq dörd illik fəaliyyətini başa vuraraq, hər il Avropaya qaz tədarükünün təmin edilməsinə və şaxələndirilməsinə mühüm töhfə verdiyini sübut edir. Cənub Qaz Dəhlizinin dörd illik fəaliyyəti Avropanın qaz bazarını əhəmiyyətli dərəcədə dəyişdi. Təbii qaz infrastrukturunun genişləndirilməsi, onun Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasının asanlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib".

Rumıniyalı nazir qeyd edib ki, Avropa bazarının artan qaz həcmlərinə ehtiyacı var və bu qaz dəhlizi Avropaya qaz nəqlində öz strateji rolunu gücləndirə bilər və gücləndirməlidir:

"Bizdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesinin lehinə bütün arqumentlər var. Xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa üçün əlavə həcmlərə və yeni təchizatçılara açıq ehtiyac var. Bu qaz-nəqliyyat infrastrukturunun danılmaz uğurunu və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Cənub-Şərqi Avropa və Balkan ölkələri nəzərə alınmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarının həyata keçirilməsində konkret addımlara həmişəkindən daha çox ehtiyac var. Bu, xüsusilə bu ölkələrdə qaz kəməri infrastrukturundan istifadə imkanlarını nəzərə alaraq, bu regionların Cənub Qaz Dəhlizinə qoşulmasını təmin etmək üçün lazımdır.

Bunun reallığa çevrilməsi üçün ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək, təcili tədbirlər görmək və Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarında konkret addımlar atmaq lazımdır. Cənub Qaz Dəhlizi ilə bağlı bu strateji tələbin bir tərəfdən enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən ikinci layihə ilə əlaqələndirilməsi – bizim birgə həyata keçirmək istədiyimiz sualtı kabel layihəsi ilə əlaqəsi və son bir ildə qlobal və Avropa qaz bazarında baş verən bir çox potensial sabitliyi pozan hadisələr - konsolidasiya və daha fəal əməkdaşlıq, eləcə də ölkələrimiz arasında dialoqun inkişaf etdirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətə yeni təkan vermək üçün bu mötəbər formatda iki illik işçi görüşün təşkilinin nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir".

O, həmçinin əlavə edib ki, Rumıniya mühüm, operativ və səmərəli qaz nəqli infrastrukturuna malik regional tərəfdaşdır.

"BRUA qaz kəməri, Iaşi-Ungheni-Kişineu qaz kəməri, Trans-Balkan dəhlizi və qonşu ölkələrlə işləyən qaz birləşdiriciləri vasitəsilə Rumıniya artıq qaz tədarükü üçün mühüm regional mərkəz kimi fəaliyyət göstərir. Biz artıq bir müddətdir ki, Trans-Balkan dəhlizi ilə qaz nəqlinin yenidən aktivləşdirilməsinin, xüsusən də Moldova Respublikasına tədarükün təhlükəsizliyinin təmin edilməsi baxımından nə qədər vacib olduğunu müşahidə edirik. Bu kontekstdə mən Moldova Respublikasına yardım paketini və Moldova Respublikasının enerji müstəqilliyini və onun Avropa bazarına inteqrasiyasını təmin etmək üçün Aİ-nin davamlı dəstəyini alqışlamaq istərdim. Bir faktı da vurğulamaq istərdim ki, Qara dənizdə Neptun dərinliyi layihəsi çox yaxşı irəliləyir, işlər plan üzrə gedir və bizim məqsədimiz 2027-ci ildə ilk qaz və ya “ilk hasilat” əldə etməkdir. Bu, Rumıniyanın regionda enerji oyunçusu rolunu gücləndirəcək layihədir. Rumıniya Avropa İttifaqının ən böyük təbii qaz istehsalçısı olacaq", - deyə nazir bildirib.

Burduca qeyd edib ki, "Qara dəniz-Podişor" qaz kəməri layihəsi Rumıniyanın "Transgaz" qaz nəqli operatorunun Qara dənizdən qazın Milli Qaz Ötürmə Sisteminə və deməli, iqtisadi dövriyyəyə tədarükünü təmin etmək üçün həyata keçirdiyi ən mühüm layihələrdən biridir:

"Tuzla-Podişor qaz kəməri həm də Xəzər regionundan, Türkiyə və Yunanıstandakı LNG terminallarından və ya digər mənbələrdən Rumıniyaya gələ biləcək təbii qazın potensial həcmlərini nəql edə bilmək üçün lazımdır. Eyni zamanda, Rumıniyanın "TRANSGAZ" qaz nəqli sisteminin operatoru əhəmiyyətli investisiyalar hesabına tranzit qaz kəmərləri vasitəsilə qazın əks axınını təmin etdi ki, bu da Trans-Balkan dəhlizindən tam istifadəyə və təkcə Rumıniya üçün deyil, həm də regionun digər ölkələri üçün zəruri olan qaz ehtiyatlarının təmin edilməsinə şərait yaratdı.

Bu addımlara əlavə olaraq, biz 2023-cü il oktyabrın 1-dən Rumıniya-Macarıstan istiqamətində Arad-Seqed interkonnektorunun nəql gücünün ildə 2,6 milyard kubmetrə qədər artırılmasını əlavə edirik ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın sistem operatorları arasında əməkdaşlıq vasitəsilə cənubdan Mərkəzi və Şərqi Avropaya gələn alternativ təbii qaz mənbələri üçün artan nəqliyyat imkanlarının təmin edilməsinə yönəlmiş daha bir mühüm addımdır".

Burduca qeyd edib ki, Rumıniya "yaşıl" və güclü iqtisadiyyat qurmaq məqsədilə, lakin təbii qaz da daxil olmaqla mövcud resurslardan ağıllı şəkildə istifadə etməklə Avropanın enerji siyasətinin yenidən işlənməsinə fəal töhfə verməyə sadiqdir:

"Bizim prioritetlərimiz enerji təhlükəsizliyi, ucuz yanacaq və sonra "yaşıl" enerjidir, sıralama belədir. Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasından sonra Aİ-nin enerji təchizatı baxımından davamlılığı məsələsi getdikcə aktuallaşıb. Aİ-nin enerji təhlükəsizliyi indi qlobal qaz bazarlarının inkişafı ilə daha sıx bağlıdır. Əksər Aİ ölkələri Rusiya Federasiyasından qaz həcmini əvəz etməkdə çox yaxşı işlər görüblər, lakin Rusiyadan birbaşa tədarüklərə böyük etibar edən ölkələr var. Unutmamalıyıq ki, REPowerEU planına əsasən, Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını həmişəlik dayandırmağı qarşısına məqsəd qoyub ki, bu da Aİ-nin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üzrə iddialı hədəfləri ilə birləşir.

Beləliklə, bütün bu çağırışlar qarşısında irəliyə doğru ən yaxşı yol birdir - ölkələrimiz arasında möhkəmlənmiş əməkdaşlıq və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının təqdim etdiyi bu dialoq platforması son dərəcə dəyərlidir".

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti