Bakı. Trend:
Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmi ölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq az olması yay aylarında bəzi günlərdə onun qurumağa yaxın olmasına gətirib. Ümumi su ehtiyatlarımız bu illər ərzində 25%-dən çox azalıb.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
O, bildirib ki, müxtəlif iqlim senarilərinə əsasən gələcəkdə atmosferə atılan qazların miqdarı tələb olunan hüduda qədər azaldılmasa, temperaturun daha yüksək templə artması müşahidə olunacaq:
"Nəticədə quraq illərin sayı artacaq və quraqlıq daha da kəskin olacaq. Bu da əsrin sonunadək su ehtiyatlarımızın daha 30% azalmasına və su təhlükəsizliyi sahəsində problemlərin daha da kəskinləşməsinə səbəb ola bilər".
"Eyni zamanda gələcəkdə su qıtlığı problemlərini aradan qaldırmaq üçün çay hövzələrində meşələrin salınması, sudan səmərəli istifadə, su itkilərinin qarşısının alınması, alternativ su mənbələrinə geniş yer verilməsi, sudan təkrar istifadənin genişlənməsi, kənd təsərrüfatında sudan qənaətlə istifadə edən metod və texnologiyaların tətbiqi və s . mühüm addım hesab oluna bilər", - deyə R.Verdiyev əlavə edib.