Bakı. Trend:
Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilib.
Trend xəbər verir ki, forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, İspaniya Ticarət Palatasının Baş İcraçı Direktoru İnmaculada Riera, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan "yaşıl" enerjinin elektrik istehsalında payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.
O, əvvəlcə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa və yenidənqurma işlərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun həyata keçirildiyini diqqətə çatdırıb:
"Buna görə də, İspaniya şirkətlərinin bu layihələrdə fəal iştirak etməsindən məmnunuq. Bundan əlavə, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji sektorunda əhəmiyyətli potensiala malikdir və yaşıl enerji zonaları kimi müəyyən edilir. Hesablamalara görə, regionda 7,2 giqavat günəş enerjisi və 2 giqavat külək enerjisi potensialı var. Biz bu potensialdan istifadə etmək və onun payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik. 2030-cu ilə qədər bərpa olunan enerji ümumi enerji istehsalının 30%-nə çatacaq".
Əlavə olaraq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev qeyd edib ki, investorları daha da cəlb etmək üçün Azərbaycan bir sıra güzəştlər təklif edir. Burada investorlar bir sıra korporativ və gəlir vergilərindən, həmçinin torpaq mülkiyyəti və gömrük rüsumlarından azadolmalardan faydalanırlar.
O bildirib ki, sənaye zonalarının rezidentləri, eləcə də sahibkarlıq subyektləri vergi güzəştlərindən faydalanırlar: "İnvestisiya cəlb etmək üçün bir neçə əsas qurum bu təşviqlə yanaşı təklif, koordinasiya, konsaltinq və maliyyə dəstəyi təklif edən xarici investorlarla əməkdaşlıq edir. Buraya İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan investisiya şirkəti daxildir və onlar azad iqtisadi zonaya icazə veriblər".
Eyni zamanda, İspaniyanın Ticarət-Sənaye palatasının baş direktoru İnmakulada Riera bildirib ki, Azərbaycan və İspaniya iqtisadi tərəfdaşlığı möhkəmləndirməklə ticarət və investisiyalar üçün yeni imkanlar açırlar.
Rieranın sözlərinə görə, hər iki ölkənin bizneslərinin yüksək marağının olması tərəflərin əməkdaşlığı genişləndirmək niyyətini təsdiq edir.
“İspaniya yüksək iqtisadi artım templəri nümayiş etdirir və Avropa İttifaqının lideridir. Biz əminik ki, Avropa inteqrasiya, dayanıqlı inkişaf və sabitlik dəyərlərini bölüşən tərəfdaşlarla möhkəm iqtisadi əlaqələri inkişaf etdirməlidir", - deyə Riera qeyd edib.
O, Azərbaycanın iqtisadiyyatının dinamik inkişaf etdiyini, biznes üçün əlverişli şərait yaratdığını və strateji yerləşməyə malik olduğunu vurğulayıb. Ölkə sənayenin şaxələndirilməsi üzrə genişmiqyaslı proqram həyata keçirir və eyni zamanda neft-qaz sektorunun əsas rolunu qoruyub saxlayır.
“İspan şirkətləri böyük beynəlxalq təcrübəyə malikdir və Azərbaycan iqtisadiyyatının inkişafında aktiv iştirak etməyə hazırdırlar. Onlar yeni sektorlarda əməkdaşlıq üçün perspektivlər, həmçinin ölkənin logistik üstünlüklərindən istifadə etməklə qonşu bazarlara çıxmaq imkanları görürlər”, -deyə o bildirib.
Bundan əlavə, İşgüzar Təşkilatlar Konfederasiyasının Beynəlxalq Əlaqələr üzrə Komissiyasının prezidenti Marta Blanko qeyd edib ki, Azərbaycan beynəlxalq şirkətlər, o cümlədən ispan şirkətlər üçün çoxsaylı imkanlar təklif etməklə beynəlxalq arenadakı rolunu möhkəmləndirməyə davam edəcək.
Blankonun sözlərinə əsasən, Azərbaycan onu investorlar üçün cəlbedici edən bir sıra rəqabətcil üstünlüklərə malildir.
“Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayan strateji mövqeyə malikdir. Siyasi və iqtisadi sabitlik, infstruktura aktiv yatırımlar və iqtisadiyyatın keçid prosesi də vacib faktorlardan sayılır”,- deyə o bildirib.
Blankonun bildirdiyinə görə, ölkə eyni zamanda rəqabətədavamlı işçü qüvvəyə, həmçinin bir sıra region ölkələri ilə azad ticarətə malikdir.
O bildirib ki, Azərbaycan və İspaniya hökümətləri arasında aktiv əməkdaşlıq biznes fəaliyyətinin aparılması və iqtisadiyyatın müxtəlif sektorlarında birgə layihələrin gerçəkləşdirilməsi üçün əla şərait yaradacaq.