Bakı. Trend:
Azərbaycan və İspaniya iqtisadi tərəfdaşlığı möhkəmləndirməklə ticarət və investisiyalar üçün yeni imkanlar açırlar.
Trend xəbər verir ki, bu barədə İspaniyanın Ticarət-Sənaye palatasının baş direktoru İnmakulada Riera Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumu çərçivəsində danışıb.
Rieranın sözlərinə görə, hər iki ölkənin bizneslərinin yüksək marağının olması tərəflərin əməkdaşlığı genişləndirmək niyyətini təsdiq edir.
“İspaniya yüksək iqtisadi artım templəri nümayiş etdirir və Avropa İttifaqının lideridir. Biz əminik ki, Avropa inteqrasiya, dayanıqlı inkişaf və sabitlik dəyərlərini bölüşən tərəfdaşlarla möhkəm iqtisadi əlaqələri inkişaf etdirməlidir", - deyə Riera qeyd edib.
O, Azərbaycanın iqtisadiyyatının dinamik inkişaf etdiyini, biznes üçün əlverişli şərait yaratdığını və strateji yerləşməyə malik olduğunu vurğulayıb. Ölkə sənayenin şaxələndirilməsi üzrə genişmiqyaslı proqram həyata keçirir və eyni zamanda neft-qaz sektorunun əsas rolunu qoruyub saxlayır.
“İspan şirkətləri böyük beynəlxalq təcrübəyə malikdir və Azərbaycan iqtisadiyyatının inkişafında aktiv iştirak etməyə hazırdırlar. Onlar yeni sektorlarda əməkdaşlıq üçün perspektivlər, həmçinin ölkənin logistik üstünlüklərindən istifadə etməklə qonşu bazarlara çıxmaq imkanları görürlər”, -deyə o bildirib.