Bakı. Trend:
Azərbaycan və İspaniya ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün təməl olacaq Anlaşma Memorandumu imzalayacaq.
Trend-in məlumatına görə, bunu İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu sazişin imzalanması iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələsini açacaq və birgə layihələrin və investisiyaların həyata keçirilməsinə təkan verəcək.
"Bu memorandum tam tərəfdaşlığın formalaşması üçün çatışmayan element idi. Onun imzalanması kapital axınlarının artması, yeni biznes təşəbbüslərinin yaranması və ölkələrimiz arasında strateji alyansın inkişafı üçün katalizator rolunu oynayacaq", – deyə o vurğulayıb.
Mariya Amparo Lopes Senovilya qeyd edib ki, İspaniya Azərbaycanla, xüsusilə enerji, infrastruktur, nəqliyyat və rəqəmsallaşma kimi əsas sahələrdə əməkdaşlıq etmək niyyətindədir. Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyan enerji infrastrukturunun yaradılmasında mühüm uğurlar əldə edib və karbonsuzlaşdırma üzrə iddialı layihələr həyata keçirib.
"İspaniya perspektivli layihələri şirkətlərin beynəlmiləlləşdirilməsi fondu vasitəsilə dəstəkləməyə hazırdır və hər iki ölkənin biznes nümayəndələrini bu imkanlardan yararlanmağa çağırır. Biz Azərbaycanı regionda vacib tərəfdaş hesab edirik və müxtəlif sahələrdə, o cümlədən Qarabağın bərpası və inkişafı istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindəyik", - deyə o əlavə edib.