Bakı. Trend:
Bu gün Bakıda 1-ci Milli Maliyyə Əlçatanlığı Forumu keçirilib.
Trend xəbər verir ki, forum “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən birgə təşkil edilib.
Forumda "Caspian Energy Club"ın sədri və Baş İcraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fuad İsayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı rəhbəri Natali Mouravidze, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov, "PAŞA Bank"ın Kreditləşmə, İnnovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov iştirak ediblər.
"Caspian Energy Club"ın sədri və Baş İcraçı direktoru Telman Əliyev çıxışında bildirib ki, Azərbaycanın bütün iqtisadi rayonlarında Maliyyə Əlçatanlığı Forumunu təşkil etməyi planlaşdırırıq.
O, əvvəlcə təmsil etdiyi qurum haqqında məlumat verib və daha sonra hazırda dünyanın 50 ölkəsində 5 mindən artıq şirkət və təşkilatı birləşdirdiklərini diqqətə çatdırıb: "Azərbaycanda 700 abunə haqqı ödəyən üzvümüz var. Demək olar ki, Azərbaycanın bütün regionlarından şirkətləri birləşdiririk.
Təəsüflər olsun hələ ki, Azərbaycanın heç bir assosiasiyası beynəlxalq arenalarda təmsil olunmayıb. Biz ilk dəfə olaraq bu missiyanı öz üzərimizə götürmək istəyirik".
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev, öz növbəsində bildirib ki, maliyyə əlçatanlığının genişləndirilməsi inkluziv iqtisadiyyat artımını təşkil etməyə dəstək olacaq. Forumda müzakirə olunan məsələlər məhz bu istiqamətdə inkişafa mühüm töhfə verəcək.
O bildirib ki, Forumda müzakirə olunan məsələlər məhz bu istiqamətdə inkişafa mühüm töhfə verəcək: "Kredit və kapitala çıxışının yaradılması, eyni zamanada səmərəli ödəniş xidmətləri sisteminin qurulması kiçik biznesin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın təşviqinə imkanlar yaradır. Eyni zamanda sığorta xidmətlərinə çıxış gözlənilməz risklər və maliyyə şoklarına qarşı qoruma mexanizmi kimi çıxış edir və fərdlərin iqtisadi təhlükəsizliyini artırır".
Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov qeyd edib ki, Azərbaycanda investorlar tərəfindən idarə olunan aktivlərin dəyəri 35,6 milyon ABŞ dolları səviyyəsindədir.
"Bu il biz bu rəqəmi 50 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırırıq", - o bildirib.
Onun sözlərinə görə, startaplar üçün maliyyə əlçatanlığı ölkəmizdə nisbətən yeni istiqamətdir.
"Hazırda ölkə üzrə ekosistemdə təxminən 230-dan çox stratap mövcuddur ki, onların da 50-si investisiya edilmək mərhələsinə çatmışdır.
İRİA-nın dəstəyi ilə formalaşdırılan "Caucasus Vençur" Fondunun idarə edilən aktivləri hazırda 6,6 milyon ABŞ dolları təşkil edir. Ötən il bu fond tərəfindən 25 startapa yatırım edilmişdir. İnvestisiyaların ümumi məbləği təqribən 1,5 milyon ABŞ dolları təşkil edir".
Bundan əlavə, Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov bildirib ki, indiyədək işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarların zəmanət, subsidiya mexanizmi üzrə müraciət etdikləri layihələrin sayı 22 və həmin layihələr üzrə təsdiq etdiyimiz kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manat olub.
O bildirib ki, 30 ildən çoxdur ki, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyət göstərən fondun bu müddət ərzində güzəştli kredit mexanizmi çərçivəsində ölkə üzrə 52 minə yaxın sahibkara dəstək olub:
"Bu sahibkarlara verilmiş ümumi güzəştli kreditlərin həcmi 3,3 milyard manatdan çox olub. İşğaldan azad olunmuş ərazilərdə investisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək məqsədilə həmin ərazilərdə investisiya layihəsi həyata keçirən bank və BOKT-lərdən əldə etdikləri kreditlərə, zəmanət və subsidiyalarla təmin edilir. İndiyədək həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların zəmanət, subsidiya mexanizmi üzrə müraciət etdikləri layihələrin sayı 22 və həmin layihələr üzrə təsdiq etdiyimiz kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manat olub".