...

Bakıda 12-ci Beynəlxalq Xəzər İnvestisiya Forumu keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 12 Mart 2025 14:09 (UTC +04:00)
Bakıda 12-ci Beynəlxalq Xəzər İnvestisiya Forumu keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 12-ci Beynəlxalq Xəzər İnvestisiya Forumu keçirilib.

Trend xəbər verir ki, forum “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən birgə təşkil edilib.

Forumda "Caspian Energy Club"ın sədri və Qrupun Baş İcraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova, Bakı Fond Birjası İdarə Heyətinin sədri Ruslan Xəlilov, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli, Azərbaycan Fond Birjasi İştirakçılarının Asossasiyası (AFBİA) İdarə heyətinin sədri Ceyhun Hacıyev iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara ve yerli bazarın tələbinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə start verilib.

O bildirib ki, Mərkəzi Bank tərəfindən qəbul olunmuş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda kapital bazarları xüsusi önəm kəsb edir:

"Korporativ qiymətli kağızlar bazarının dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 2024-cü ilin sonuna 135 faiz artaraq 1 milyard 30 milyon manata çatmışdır. Qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara ve yerli bazarın tələbinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə artıq start verilmişdir".

U.İbrahimova əlavə edib ki, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafında sahibkarlıq sahəsinin, real sektorun rolu danılmazdır.

"Bizim də əsas məqsədimiz real sektorun inkişafına dəstək verərək iqtisadiyyata müsbət töhfəmizi verməkdir. Bu istiqamətdə bütün səylərimizi göstərəcəyik", - deyə o vurğulayıb.

Öz növbəsində, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli qeyd edib ki, Milli Depozit Mərkəzinin inkişaf strategiyasına uyğun olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi olan E-vote istifadəyə verilib. Əlavə olaraq, məlumatların düzgünlük və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mərkəzi depozitar sisteminin İAMAS-a eyni zamanda ASAN imza və SİMA-ya qoşulmaları həyata keçirilib.

O bildirib ki, bu çərçivədə ASAN Pay ödəniş sisteminə qoşulma da ötən həftə tamamlanaraq istifadəyə verilib: "Artıq MDM tərəfində göstərilən xidmətlər üzrə xidmət haqlarını ASAN Pay vasitəsilə ödəmək mümkündür.

Kapital bazarlarının dayanıqlı inkişafında güclü və effektiv infrastrukturun rolu zəruridir və ekosistemin fundamental asasını təşkil edir. Kapital bazarları üzrə infrastruktur dedikdə ilk ağıla gələn ticarət platformaları olsa da, lakin arxa fonda bu ticarətlər üzrə hesablaşmaların həyata keçirilməsi, eyni zamanda ticarət olunan maliyyə alətlərinin rəqəmsal olmaqla təhlükəsiz şəkildə saxlanılmasıda əsas amillərdəndir:

"İnfrastrukturun dayanıqlı və effektiv olması və bu çərçivədə investorların hüquqlarının qorunması kapital bazarına olan inamın artmasına və daha çox iştirakçının bazara daxil olmasına səbəb olur.

Azərbaycanda kapital bazarı ekosistemində mərkəzi depozitar funksiyası kimi Milli Depozit Mərkəzi təməl infrastruktur təminatçısı olaraq çıxış edir. MDM-in əsas funksionallığı emissiya edilən bütün qiymətli kağızların saxlanılması və reyestrinin aparılması, eyni zamanda ticarət olunan bütün maliyyə alətləri üzrə klirinq və hesablaşmaların həyata keçirilməsidir. Bundan əlavə, MDM ödəniş agenti kimi də fəaliyyət göstərir və bu sahədə uzunmüddətli təcrübəyə malikdir. Məhz bu təcrübənin nəticəsi olaraq emissiya edilən borc alətlərinin əksəriyyəti üzrə ödəniş agenti funksiyası MDM-ə həvalə edilir.

Kapital bazarlarında infrastruktur təmin edən iştirakçıların əsas missiyası və öhdəliyi daim innovasiyalara açıq olması və etibarlı xidmət göstərməsidir. MDM də bunu əsas götürərək strateji inkişaf planında kapital bazarının inkişafına hədəflənən etibarlı, effektiv və dayanıqlı depozitar ekosistemin formalaşdırılması və rəqəmsal xidmətlərin genişləndirilməsini missiya olaraq müəyyən edib".

Bundan əlavə, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib ki, Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyası, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi prioritet məsələlər sırasındadır.

O bildirib ki, sürətlə dəyişən qlobal iqtisadi şəraitdə kapital bazarlarının dayanıqlılığı və rəqabətqabiliyyətliliyi mühüm əhəmiyyət kəsb edir:

"Kapital bazarları yalnız maliyyə institutlarının inkişafı üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatının diversifikasiyası və dayanıqlı böyüməsi üçün əsas sütunlardan biridir. Güclü və rəqabətədavamlı fond bazarları investorlar üçün yeni imkanlar açır, yerli şirkətlərin daha əlverişli şərtlərlə maliyyələşməsinə şərait yaradır və ölkənin qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir.

Biz bazar iştirakçıları olaraq, səmərəli və şəffaf ticarət mexanizmlərinin yaradılmasına çalışmalıyıq. Xüsusilə yeni maliyyə alətlərinin tətbiqi və yerli bizneslərin fond bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində hansı addımların atılacağını müzakirə etmək çox maraqlı olar. Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyası, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi prioritet məsələlər sırasındadır".

"AFBİA olaraq biz daim kapital bazarlarının inkişafına töhfə vermək, bazar infrastrukturunu təkmilləşdirmək və investorların güvənini artırmaq üçün çalışırıq. Tənzimləyicilər, bazar iştirakçıları və investorlar arasında güclü əməkdaşlıq yaratmaq, şəffaflığı təmin etmək və bazarda rəqabət qabiliyyətini artırmaq əsas prioritetlərimizdəndir", - deyə C.Hacıyev qeyd edib.

Eyni zamanda, Mərkəzi Bankın Kapital Bazarı Fəaliyyətinə Nəzarət Departamentinin Lisenziyalaşdırıma üzrə Qeydiyyat şöbəsinin rəisi Asəf Məmmədov bildirib ki, Mərkəzi Bank cari ildə emissiya prospektlərindəki nöqsanların minimallaşdırılması üçün iki hədəf müəyyənləşdirib.

O, emissiya prospektinin tərtib edilməsinin mürəkkəb bir proses olduğunu bildirib:

"Bununla bağlı biz daim emitentlərə lazımi dəstəyi göstərməyə çalışmışıq. Ötən il kapital bazarı üzrə rekord sayda - 65 emissiya prospektini təsdiq etmişik. Biz bununla kifayətlənmirik. Cari ildə bu sahədə nöqsanların minimallaşdırılması üçün özümüzə iki hədəf müəyyən etmişik.

Bunlardan biri ən çox rast gəlinən nöqsanlarla bağlı bazar iştirakçılarına təqdimatın keçirilməsidir. Artıq bu üzrə müvafiq işlərə başlamışıq. Yaxın aylarda investisiya şirkətlərini və aktiv emitentləri dəvət etməklə geniş tərkibdə təqdimatın keçirilməsini planlaşdırırıq.

İkinci planımız emissiya prospektləri ilə bağlı metodoloji dəstək göstərilməsidir. Bununla bağlı da biz həm emissiya prospekti, həm də bazar emissiya prospekti və baza informasiya memorandumu üzrə sənədlərin, təqdimatın hazırlanmasını nəzərdə tuturuq. Gələcəkdə biz süni intellekt texnologiyalarının da bu sahədə istifadəsi planlaşdırılır".

Şöbə rəisinin sözlərinə görə, şirkətlərinin rolu təkcə emitentlərin bazara çıxışına dəstək olmaqla məhdudlaşmamalıdır, onların effektiv fəaliyyəti daha keyfiyyətli prospektlərin ortaya çıxmasına və qeydiyyat prosesinin sürətlənməsinə böyük dəstək ola bilər:

"Bununla bağlı olaraq onlar eyni zamanda emitentlərin qiymətləndirilməsi və onların bazara çıxışı, bazara hazır olması ilə bağlı dəstək verməlidirlər. Biz son vaxtlar emitentlər və anderraytinq həyata keçirən şirkətlər bəzən prospektləri ayrı-ayrılıqda tərtib edirlər. Bununla bağlı bizə müraciətlər daxil olur. Belə olduqda nöqsanlar da daha çox olur".

"Ona görə də tövsiyə edirəm ki, emissiya etməkdə niyyəti olan emitentlərimiz və anderraytinq şirkətlərimiz birlikdə bu prospektləri tərtib etsələr, nöqsanlar daha az olar. Çünki bəzən anderraytinqin şirkətləri tərəfindən qoyulan şərtlər emitentlərin planlarına, strategiyalarına uyğun gəlmir.

Anderraytinq şirkətləri təktərəfli emitentlər hazırlayanda bazarın son tendensiyalarından, qanunvericilik tələblərindən bəzən xəbərsiz olaraq şərtlər qoyurlar. Bu da biz tərəfdən nöqsan kimi qiymətləndirilir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti