Bakı. Trend:
İndiyədək işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarların zəmanət, subsidiya mexanizmi üzrə müraciət etdikləri layihələrin sayı 22 və həmin layihələr üzrə təsdiq etdiyimiz kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manat olub.
Trend xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov bu gün Bakıda keçirilən 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda deyib.
O bildirib ki, 30 ildən çoxdur ki, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyət göstərən fondun bu müddət ərzində güzəştli kredit mexanizmi çərçivəsində ölkə üzrə 52 minə yaxın sahibkara dəstək olub:
"Bu sahibkarlara verilmiş ümumi güzəştli kreditlərin həcmi 3,3 milyard manatdan çox olub. İşğaldan azad olunmuş ərazilərdə investisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək məqsədilə həmin ərazilərdə investisiya layihəsi həyata keçirən bank və BOKT-lərdən əldə etdikləri kreditlərə, zəmanət və subsidiyalarla təmin edilir. İndiyədək həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların zəmanət, subsidiya mexanizmi üzrə müraciət etdikləri layihələrin sayı 22 və həmin layihələr üzrə təsdiq etdiyimiz kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manat olub".