Bakı. Trend:
Bu ildən etibarən Sahibkarlığın İnkişafı Fondu (SİF) iki yeni prioritet istiqamət üzrə güzəştli kredit ayıracaq.
Trend xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondu (SİF) Partnyorlarla İş şöbəsinin müdiri Rüstəm Əliyev bu gün Bakıda keçirilən 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda deyib.
O bildirib ki, bunun üçün hər il fondun müşahidə şurası tərəfindən prioritet istiqamətlər təsdiqlənir: "2025-ci il üçün təsdiqlənmiş prioritet istiqamətlərə sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistik xidmətlər, anbar komplekslərinin yaradılması, balıqçılıq, rəqəmsal inkişaf və innovasiyaya yönümlü layihələr, həmçinin "yaşıl layihələr", kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələr, turizm, təhsil, tibb sahəsi daxildir. Qeyd edim ki, turizm yalnız Bakı, Sumqayıt və Abşeron istisna olmaqla maliyyəşdirilir. Digər sahələr isə bütün respublika ərazisində həyata keçirilir".
"Bu ildən etibarən prioritet istiqamətlərə iki yeni istiqamət əlavə olunub. Bunlardan biri xidmət sahəsidir. Bu sahə üzrə yalnız avadanlıq alışının maliyyələşdirilməsinə illik 9%-lə tətbiq edilir. Həmçinin alınacaq avadanlıqların girov qoyulması yolu ilə həmin mexanizm çərçivəsində maliyyələşdirilir.
Digər yeni prioritet istiqamət isə mədəniyyət və yaradıcı sahəni əhatə edir. Bu istiqamətlər hər il təsdiqlənir və hər il dəyişə bilər. Müraciətlər üçün tələb olunan sənədlərin sayı da 10-dan 6-ya etdirilərək sadələşdirilmişdir", - deyə R. Əliyev vurğulayıb.