Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olub.
İstifadə olunmuş investisiyanın 1,05 milyard manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 1,4 milyard manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 1,5 milyard manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.